• Bakı 31° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Qlobal inteqrasiya və milli kimliyin qorunması - ŞƏRH

SİYASƏT

05 Avqust 2026 | 12:38

Qlobal inteqrasiya və milli kimliyin qorunması - ŞƏRH

İnteqrasiya siyasəti dediyimiz zaman bu məfhumun özünün daha geniş şəkildə başa düşülməsi üçün onu bir aktorun inteqrasiya olunduğu sistemlə bağlı həyata keçirdiyi strategiyalar və siyasətlər kimi təyin etmək olar.

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Bakıvaxtı.az-a Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiya siyasəti və bu istiqamətdə həyata keçirilən strateji addımlardan danışarkən deyib.

Müsahibimiz bildirib ki, inteqrasiya prosesinin müəyyən mərhələlərindən danışdığımız zaman sadəcə dövlətlərə diqqət yetirməkdən də imtina edilməlidir:

"İnteqrasiya digər iştirakçıları da nəzərdə tutan bir məsələdir. Yəni burada söhbət siyasi partiyaların, dövlət qurumlarının, qanunverici orqanın da inteqrasiya siyasətindən gedir. Xalqlararası inteqrasiya isə çıxılan yolun sonu, görülən işlərin nəticəsi deməkdir".

Politoloq qeyd edib ki, dünya birliyinə inteqrasiya daha geniş siyasi meydana çıxış, asılılığın azaldılması, müstəqil iradənin möhkəmləndirilməsinə xidmət edən ən düzgün yoldur:

"Bu mühüm istiqamətləri nəzərə almaqla prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət ondan xəbər verir ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminə inteqrasiya məsələsini hərtərəfli dəyərləndirir. Yəni, burada Azərbaycan dövlətinin inteqrasiyası qədər, Azərbaycan xalqının, Azərbaycanın siyasi təsisatlarının və siyasi partiyalarının da inteqrasiyasından söhbət gedir".

Şəbnəm Həsənova əlavə edib ki, dövlət başçımız praqmatik siyasət yürütməyi seçən siyasi liderdir:

"Bu istiqamətdə münasibətlərin korlanması heç bir halda Azərbaycan tərəfinin təşəbbüsü ilə olan məsələ deyil. Azərbaycan bu gün “orta güc” olaraq özünü beynəlxalq münasibətlər sistemində möhkəmləndirir. Azərbaycanın enerji resursları 16 ölkəyə ixrac edilir. Azərbaycan qazının Avropaya, Yaxın Şərqə çatdırılması, Yaxın Şərqin bərpa və quruculuq işlərində Azərbaycanın praktikasına artan maraq ondan xəbər verir ki, Azərbaycan dünya birliyinin etimad göstərilən tərəfidir".

Şəbnəm Həsənova: Dövlət başçımız praqmatik siyasət yürütməyi seçən siyasi liderdir

Politoloq xüsusilə vurğulayıb ki, prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafı qədər, iki aparıcı region olan Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionunun münasibətlərinin dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:

"Burada əsas amillərdən biri ondan ibarətdir ki, möhkəm hüquqi bazanın formalaşdırılması istiqamətində mütəmadi addımlar atılır. Hüquqi bazanın özü də mənəvi dəyərlərə söykənir. Məhz bu eyni soykökə xalqların layiqli inteqrasiya yoludur. Beynəlxalq münasibətlərin mövcud durumunda bunun qədər dəyərli amil yoxdur desək, heç də mübaliğə etmiş olmarıq. Digər mühüm amillərdən biri ondan ibarətdir ki, inteqrasiyanı zəruri edən məsələ informasiya və kommunikasiya texnologiyalarının inkişafıdır. Bu istiqamətdə qloballaşmanın sürətlə getdiyi bir məqamda milli kimliyin qorunub saxlanılması da xüsusi əhəmiyyət kəsb edən bir məsələdir. Bu baxımdan prezident İlham Əliyevin ötürdüyü mesajlarda hər zaman milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xüsusi həssaslıqla yanaşdığını görürük".

Sonda ekspert Azərbaycanın dünya birliyinin layiqli üzvü olduğunu qeyd edib:

"Bu istiqamətdə əsas amillərdən biri ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə həm də Cənubi Qafqaza olan münasibəti kökündən dəyişib. Bu gün Cənubi Qafqaz etimad göstərilən tərəf olaraq artıq dünya birliyinə inteqrasiya olunur ki, bu da prezident İlham Əliyevin atdığı uzaqgörən addımların nəticəsidir. Bütövlükdə inteqrasiya prosesinin bütün mərhələlərinə Azərbaycan müasir çağırışlara hazırlaşaraq cavab verir. Azərbaycanın dünya birliyinə inteqrasiyası baxımından həyata keçirdiyi strategiya və siyasət dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026