"Ana südü verən qadınların qidalanmasında ciddi məhdudiyyətlərə ehtiyac yoxdur. Lakin qida rasionu balanslı olmalı, maye qəbulu təmin edilməli, spirtli içkilərdən uzaq durulmalı və kofeinli içkilər məhdudlaşdırılmalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
“İlk növbədə analarımıza tövsiyə edirik ki, pəhriz saxlamasınlar. Ana südü verən qadınların gündəlik qida qəbulu 1800 kilokaloridən aşağı olmamalıdır. Gün ərzində təxminən 2,5-3 litr maye qəbul etmələri də vacibdir.
Hazırkı elmi və ədəbiyyat məlumatlarına əsasən, süd verən analara xüsusi və ciddi pəhrizlər tövsiyə olunmur. Yəni, ‘bunu yemək olmaz, onu yemək olmaz’ kimi ümumi qadağalar tətbiq edilməməlidir. Ana müxtəlif qidalar qəbul edə bilər. Lakin bəzi qidaların körpədə fərdi həssaslıq yarada biləcəyini nəzərə almaq lazımdır.
Məsələn, paxlalı bitkilər və bəzi ədviyyatlı qidalar qəbul edildikdən sonra körpədə köp və sancı hallarının artması müşahidə oluna bilər. Bu halda ana həmin qidaları qəbul edərkən körpənin reaksiyasını izləməlidir".
A.Məmmədova vurğulayıb ki, süd verən analara spirtli içkilərdən və alkoqoldan istifadə etmək qətiyyən tövsiyə edilmir. Eyni zamanda, kofein tərkibli içkilərin qəbulunu azaltmaq lazımdır. Kofein ana südü vasitəsilə körpəyə təsir göstərə və onun yuxu rejimində narahatlıq yarada bilər.
Zeynəb Rzayeva
Bakı 



