Kolostrum körpənin immun sisteminin formalaşmasında mühüm rol oynayan ilk təbii müdafiə vasitəsidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Həkim bildirib ki, doğuşdan sonrakı ilk günlərdə əmələ gələn kolostrum, yəni ağız südü körpənin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
“Kolostrum ilk beş gündə yaranan süddür. Alimlər onu körpənin ilk peyvəndi hesab edirlər. Çünki tərkibində immunoqlobulin A, lizozim, laktoferrin və canlı immun hüceyrələr mövcuddur”, – deyə A.Məmmədova qeyd edib.
Onun sözlərinə görə, kolostrumla qidalanan körpənin burun və həzm yollarında qoruyucu təbəqə formalaşır. Bu isə orqanizmin müxtəlif infeksion və yoluxucu xəstəliklərə qarşı müdafiəsinin güclənməsinə kömək edir.
Pediatr vurğulayıb ki, ana südünün tərkibi və miqdarı zaman keçdikcə dəyişir. Bu proses ananın qidalanması, orqanizmin fərdi xüsusiyyətləri və gündəlik rejimi ilə də əlaqəli ola bilər.
A.Məmmədovanın sözlərinə görə, doğuşdan sonrakı ilk günlərdə süd az miqdarda istehsal olunsa da, bu, körpənin ehtiyaclarına uyğun olur. Sonrakı dövrlərdə isə ana südünün miqdarı tədricən artır və gündəlik istehsal həcmi təxminən 700-800 millilitrə çata bilər.
Zeynəb Rzayeva
Bakı 



