• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Ana südü neçə yaşa qədər verilməlidir? - AÇIQLAMA

CƏMİYYƏT

05 Avqust 2026 | 15:35

Ana südü neçə yaşa qədər verilməlidir? - AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, körpələr həyatlarının ilk altı ayında yalnız ana südü ilə qidalandırılmalı, daha sonra isə uyğun əlavə qidalarla birlikdə ana südü ilə qidalanma iki yaşa qədər davam etdirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Pediatr bildirib ki, ana südü körpənin həyatının ilk altı ayında onun enerji və qida ehtiyacını tam ödəyir:

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, ana südü körpəyə həyatının ilk altı ayında verilməlidir. Ana südü uşağın bu dövrdə enerji tələbatını tam ödəyir, eyni zamanda gələcəkdə bir sıra xroniki xəstəliklərin yaranma riskinin azalmasına kömək edir.

Altı aydan sonra körpənin enerji və qida tələbatının yalnız ana südü hesabına tam ödənilməsi mümkün olmur. Bu səbəbdən həmin dövrdən etibarən ana südü ilə yanaşı, uşağa yaşına və inkişafına uyğun əlavə qidaların verilməsi tövsiyə olunur".

Həkimin dediyinə görə, bir yaşdan sonra ana südünün uşağın ümumi enerji tələbatını ödəməkdə payı daha da azalır. Bu mərhələdə uşağın qidalanması tədricən genişləndirilməli və o, ailənin sağlam qidalanma modelinə uyğun şəkildə ümumi süfrəyə cəlb edilməlidir.

"Ümumilikdə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, ana südü ilə qidalanmanın iki yaşa qədər davam etdirilməsi məqsədəuyğundur. Ana südü ilə qidalanmanın müddəti və uşağın əlavə qidalara keçidi onun fərdi inkişafı, sağlamlıq vəziyyəti və qidalanma ehtiyacları nəzərə alınmaqla təşkil edilməlidir”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026