“Fransa prezidenti Emanuel Makronun Ermənistana səfəri və səfər çərçivəsində səmimi görüntüləri, əyləncəli videolarının yayılması əslində siyasi mesajlardır”.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.
Onun sözlərinə görə, Rusiyanın Ermənistanda keçiriləcək seçkilər ərəfəsində İrəvana təsirləri və gözlənilən təxribat cəhdləri fonunda Paşinyan Fransanı özünə qalxan etməyə çalışır:
“Paşinyan Rusiyanın təzyiqləri və hakimiyyəti dəyişmək cəhdlərinə qarşı Qərbin, xüsusilə Fransanın onun yanında olduğunu, necə deyərlər, “aralarından su keçmədiyini” göstərmək istəyir. Bununla yanaşı, Fransa da öz maraqları və ümumiyyətlə Avropa maraqları üçün Ermənistandan davamlı olaraq istifadə edir”.
Müsahibimiz qeyd edib ki, bu, keçmiş Qarabağ münaqişəsi zamanı da belə olub. Dediyinə görə, ATƏT-in keçmiş Minsk qrupunun üç xristian üzvü açıq şəkildə işğalçı Ermənistanın yanında olublar. Münaqişənin həll edilməməsi, torpaqlarımızın Ermənistanın nəzarətində qalması üçün səylərini əsirgəməyiblər: “İndiki sülh prosesində də Fransa Ermənistanın Azərbaycan və Türkiyəyə tam inteqrasiya ehtimalının qarşısını almaq üçün əlavə planlar hazırlayır”.
Analitik hesab edir ki, Qərb dövlətlərinin hər birinin siyasətində və ideoloji xəttində orta əsr səlibçilik təfəkkürü qalmaqdadır:
“Fransa xristian kartından istifadə edərək Ermənistanı öz təsirində saxlamaq, xüsusən Türkiyə ilə yaxınlaşmanın qarşını almaq istəyir. Ermənistan həmişə kiminsə aləti olub, öz-özünün sahibi olmayıb. Ona görə Rusiyanın təsir dairəsindən ayrılaraq indi də Fransanı özlərinə sahib sayırlar. İrəvan müstəqil siyasət aparmadığı, ümumiyyətlə müstəqil olmadığı müddətdə mütləq problemlər yaşayacaq”.
Tural İrfan: Fransa Ermənistanın Azərbaycan və Türkiyəyə inteqrasiya ehtimalının qarşısını almaq üçün planlar hazırlayır
Tural İrfan hesab edir ki, lakin bütün bunlarla yanaşı, Fransa prezidentinin Ermənistanda həddi aşan səmimiyyət görüntüləri daha çox Rusiyaya mesaj idi: “Proseslər göstərir ki, Ermənistanda seçkilər və ümumiyyətlə bu yöndəki proseslər gərgin keçəcək”.
Qeyd edək ki, Ermənistanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron ölkəsinə dönərkən aeroportda yolasalma mərasimində Ermənistanın Baş naziri Nikol Paşinyanla xeyli qucaqlaşıb. Təyyarınin trapında isə Paşinyana “hava öpüşü” göndərib, Paşinyan isə bunun qarşılığnda ona əli ilə ürək işarəsi tutub.
Aydın Baxış
Bakı 




