ABŞ-nin Yaxın Şərqdə hərbi kontingentini 50 min nəfərə çatdırması Vaşinqtonun İran ətrafında hərbi-siyasi təzyiq strategiyasını yeni mərhələyə keçirdiyini göstərir.
Xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn, İraq və İordaniya kimi ölkələrdə bazaların aktivləşdirilməsi onu göstərir ki, ABŞ təkcə birbaşa zərbə ssenarisinə deyil, həm də region boyunca genişmiqyaslı cavab və qarşıdurma ehtimalına hazırlaşır. Bu cür hərbi yığım yalnız taktiki addım deyil, eyni zamanda İran rəhbərliyinə psixoloji və strateji mesajdır: Vaşinqton bölgədə uzunmüddətli hərbi mövcudluğunu qorumaqda qərarlıdır və lazım gəlsə əməliyyatları genişləndirmək potensialına malikdir.
Digər tərəfdən, Ağ Evin ziddiyyətli siqnallar verməsi diqqət çəkir. Bir tərəfdən hərbi hazırlıq artırılır, digər tərəfdən diplomatik kanalların tam bağlanmadığı göstərilir. Bu isə ABŞ-nin klassik “təzyiq altında danışıqlar” modelindən istifadə etdiyini göstərir. Vaşinqton hesab edir ki, hərbi riskin yüksəldilməsi Tehranı güzəştlərə məcbur edə bilər. Lakin problem ondadır ki, İran da geri addım atmamaq görüntüsü yaratmağa çalışır və bölgədəki proksi qüvvələr vasitəsilə ABŞ bazalarına və müttəfiqlərinə təzyiq imkanlarını saxlayır. Bu isə lokal insidentlərin sürətlə regional müharibəyə çevrilməsi riskini artırır.
Məsələnin ən kritik tərəfi isə Hörmüz boğazı və enerji təhlükəsizliyi faktorudur. ABŞ hərbi mövcudluğu artırmaqla İranın boğaz üzərindən təzyiq imkanlarını zəiflətmək istəyir. Çünki dünya neft ticarətinin mühüm hissəsi məhz bu marşrutdan keçir və burada yaranacaq hər hansı böhran qlobal enerji bazarlarını silkələyə bilər. Vaşinqtonun bölgədəki hərbi bazaları gücləndirməsi həm də Körfəz ölkələrinə təhlükəsizlik zəmanəti mesajıdır. Əgər qarşıdurma dərinləşərsə, neft qiymətlərinin kəskin artması, beynəlxalq logistika zəncirinin pozulması və region dövlətlərinin daxili təhlükəsizlik risklərinin yüksəlməsi ehtimalı böyükdür.
Bütün bunlar göstərir ki, Yaxın Şərq hazırda nə tam müharibə, nə də tam sülh vəziyyətindədir. Tərəflər bir-birini maksimum təzyiq altında saxlamağa çalışır. ABŞ-ın 50 minlik hərbi kontingenti isə artıq adi preventiv tədbir deyil, regionda yeni güc balansının formalaşdığını göstərən strateji siqnaldır. Bu balansın necə dəyişəcəyi isə İranın növbəti addımlarından, İsrail faktorundan və böyük güclərin pərdəarxası danışıqlarından ciddi şəkildə asılı olacaq.
Alim Nəsirov
Bakı 




