“Heydər Əliyevin gənclərə ən vacib tövsiyəsi vətənpərvər olmaq və biliklərə yönəlmək idi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov "Ən yaxşı təqdimat" müsabiqəsinin mükafatlandırılması mərasimində çıxışı zamanı qeyd edib.
O bildirib ki, müsabiqə ümummilli lider Heydər Əliyev irsinin gənclər arasında öyrənilməsi və təbliği məqsədilə keçirilir və artıq 20 ildən çoxdur ki, bu istiqamətdə xüsusi rol oynayır.
Əli Əhmədov qeyd edib ki, Heydər Əliyev gəncləri hər zaman vətənpərvər olmağa və elmə, biliklərə yiyələnməyə çağırırdı:
“Heydər Əliyev vurğulayırdı ki, hər bir xalqın əsas dayaq gücü gənclərdir. O, gənclərə iki əsas tövsiyə verirdi - vətəni sevmək və müasir biliklərə, texnologiyalara yiyələnmək.”
Onun sözlərinə görə, bu müsabiqədə iştirak edən gənclər həm vətənpərvər vətəndaş kimi formalaşır, həm də müasir bacarıqlara yiyələnərək Azərbaycanın inkişafına töhfə verməyə hazırlaşırlar.
Milli Məclis sədrinin birinci müavini əlavə edib ki, Prezident İlham Əliyev də gənclərin ən müasir biliklərə sahib olmasını və həmin bilikləri ölkənin inkişafı naminə istifadə etməsini vacib hesab edir.
Zeynəb Rzayeva
Bakı 




