Ermənistanda seçkiönvəsi proseslər yaxınlaşdıqca siyasi mühitdə gərginlik pik həddə çatır, xüsusilə revanşist qüvvələrin və müxalif iddiaçıların kəskin fəallaşması müşahidə olunur. Ölkənin yaxın keçmişindəki terror, parlamentin gülləbaran edilməsi və hakimiyyətin zorla ələ keçirilməsi kimi qanlı siyasi ənənələr fonunda müxalifətin bu aqressiv ritorikası daxili sabitlik üçün ciddi suallar doğurur. Seçki marafonunda lazımi elektorat dəstəyini qazana bilməyəcəyini anlayan radikal qüvvələrin küçə iğtişaşlarına və qaydasız döyüş elementlərinə əl atmaq ehtimalı vəziyyəti daha da mürəkkəbləşdirir.
Bəs Ermənistanda seçkiqabağı revanşist qüvvələrin fəallaşması ölkəyə və regiona nə vəd edir? Bu gərginlik Nikol Paşinyanın favorit qəbul edildiyi seçki prosesinin legitimliyini şübhə altına sala bilərmi?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanda revanşist qüvvələrin fəallaşması sırf qarşıdan gələn seçkilər kontekstində baş verən bir prosesdir. Seçkilərə bir neçə gün qalmış bəllidir ki, elektoratın bir hissəsi hələ də kimə səs verəcəyi ilə bağlı qəti qərar verməyib. Prosesdə iştirak edən partiyaların sayı kifayət qədər çoxdur. Digər tərəfdən, iddiaçıların aqressiv ritorikadan istifadə etməsi onu göstərir ki, onlar ilk növbədə bir-birlərinə psixoloji təsir göstərməyə, həmçinin seçicilər qarşısında özlərinin hazırlıqlı, təpərli və güclü olduqlarını nümayiş etdirməyə çalışırlar:

Tofiq Abbasov: Ermənistandakı güc strukturları tamamilə Nikol Paşinyanın ətrafında cəmləşib və formalaşıb
"Lakin məsələ burasındadır ki, bu seçkilərdə Nikol Paşinyanın partiyası və onun ətrafındakı müttəfiqləri həqiqətən də favorit kimi görünürlər. Baxmayaraq ki, həm Rusiya, həm də Qərb tərəfindən müəyyən təzyiq və təsirlər mövcuddur. Elə ABŞ rəsmisi Marko Rubionun Ermənistana baş tutan qısamüddətli səfəri də seçkilər kontekstində qiymətləndirilməlidir. Bu addım ondan xəbər verir ki, əsas qlobal aktorlar, dolayısı ilə və ya birbaşa, ilk növbədə hakim partiyaya dəstək verirlər. Bununla da bütün müxalif qüvvələrə mesaj verilir ki, beynəlxalq güclərin gələcək planları məhz Nikol Paşinyan və onun komandası ilə bağlıdır".
Politoloqun sözlərinə görə, tarixdən də bəlli olur ki, Ermənistanın siyasi proseslərində özünəməxsus mənfur və qanlı bir ənənə mövcuddur; söhbət siyasi terrordan və hakimiyyəti zorla ələ keçirməkdən gedir. Belə presedentlər keçmişdə də olub; məsələn, 1999-cu ilin oktyabrında parlamentin gülləbaran edilməsi hələ də yaddaşlardadır. XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşan "Hınçak", "Daşnaksutyun", "Armenakan" kimi ermənipərəst partiyaların hamısı terror üzərində qurulub. Bu baxımdan seçki günlərində İrəvanın mərkəzi küçələrində, məhəllələrində hansısa qeyri-adi, təxribat xarakterli hadisələrin şahidi ola bilərik:
"Çünki Robert Köçəryan, Samvel Karapetyan kimi fiqurlar gözəl başa düşürlər ki, onların seçkidə qalib gəlmək şansları minimum səviyyədədir. Lazımi səs çoxluğunu əldə edə bilməyəcəklərini anladıqları üçün qayda pozuntuları törətməyə, ölkədə hərc-mərclik yaradaraq seçkilərin legitimliyini şübhə altına almağa çalışacaqlar. Lakin mən belə bir ssenarinin baş tutacağına inanmıram. Ermənistandakı güc strukturları tamamilə Nikol Paşinyanın ətrafında cəmləşib və formalaşıb. Onlar qarşıda dura biləcək təhdidlərlə bağlı həm məlumatlandırılıblar, həm də anlayırlar ki, ölkədəki nisbi sabitliyin qorunması üçün əllərindən gələni etməlidirlər".
Müsahibimizin fikrincə, bu istiqamətdə xüsusilə canfəşanlıq edən Robert Köçəryanın heç bir şansı yoxdur. O, nə seçkilərdə qalibiyyət əldə edə, nə də seçkiöncəsi günlərdə vəziyyəti qarışdırıb xaos yarada bilər. Hazırda bu cür "qaydasız döyüş" elementlərindən istifadə edən qanunsuz qüvvələr sadəcə öz məğlubiyyətlərinin qaçılmaz olduğunu dərk edirlər:
"Ona görə də son şanslarından istifadə edərək guya nəyəsə qadir olduqlarını göstərməyə çalışırlar. Amma onların bu hesablamalarının və proqnozlarının reallaşacağına inanmıram".
Zeynəb Rzayeva
Bakı 




