Səhiyyə Nazirliyinin mütəxəssisi nevropatoloq Kəmalə İsmayılova uzunmüddətli telefon istifadəsinin sinir sistemi üçün ciddi risklər yaratdığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” proqramında çıxışı zamanı bildirib ki, kompulsiv və davamlı telefon istifadəsi beyində dopamin səviyyəsinin dəyişməsinə səbəb olur.
Nevropatoloqun sözlərinə görə, bu vəziyyət diqqət və fokus pozuntuları, emosional disbalans, impulsiv davranışların artması və psixoloji asılılıq mexanizminin formalaşması ilə nəticələnir.
Kəmalə İsmayılova qeyd edib ki, uzunmüddətli ekran istifadəsi simpatik sinir sisteminin aktivliyini artırır, parasimpatik balansı isə zəiflədir:
“Kortizol səviyyəsinin yüksəlməsi nəticəsində təşviş və panik reaksiyalar, ürək ritmində dəyişikliklər, yuxu-oyanıqlıq balansının pozulması, diqqət və yaddaş funksiyalarında zəifləmə müşahidə olunur. Beyin və orqanizm davamlı olaraq yüksək stimul vəziyyətində qalır. Nəticədə insan özünü əsəbi və yorğun hiss edir”.
Mütəxəssis vurğulayıb ki, telefon asılılığının uşaqlar və yeniyetmələr üzərində təsiri daha narahatedicidir. Onun sözlərinə görə, bu yaş dövrlərində beynin sinaptik əlaqələri və koqnitiv funksiyaları tam formalaşmadığı üçün kompulsiv telefon istifadəsi diqqət, yaddaş, öyrənmə və sosial bacarıqların inkişafına mənfi təsir göstərə bilər.
Nevropatoloq əlavə edib ki, uzunmüddətli perspektivdə bu vərdişlər emosional və davranış problemlərinə, öyrənmə prosesinin zəifləməsinə və sosial münasibətlərdə çətinliklərə səbəb ola bilər.
Kəmalə İsmayılova telefon və sosial şəbəkələrin mənfi təsirlərini azaltmaq üçün yatmazdan əvvəl ekran təmasının məhdudlaşdırılmasını, sosial şəbəkələr üçün vaxt limitlərinin təyin edilməsini, fiziki və sosial aktivliyin artırılmasını tövsiyə edib.
O bildirib ki, texnologiyadan balanslı və ölçülü istifadə yalnız yuxu keyfiyyətini yaxşılaşdırmır, həm də emosional stabillik, diqqət və ümumi psixoloji sağlamlığın qorunması baxımından mühüm rol oynayır.
Bakı 




