• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

ADNSU-da nə baş verir?: Tələbələrə ixitsaslarına uyğun dərslər TƏDRİS EDİLMİR

CƏMİYYƏT

06 Aprel 2026 | 11:39

ADNSU-da nə baş verir?: Tələbələrə ixitsaslarına uyğun dərslər TƏDRİS EDİLMİR

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) daha bir şikayət daxil olub.

Tələbələr tərəfindən Bakıvaxtı.az-ın "qaynar xətt"inə daxil olan şikayətlərdə bildirilib ki, magistratura pilləsində tədris prosesi son bir ildə ciddi şəkildə pozulub və tələbələr həm təhsil keyfiyyəti, həm də idarəetmədəki məsuliyyətsizlikdən kütləvi narazılıq yaşayırlar.

Şikayətçilərin sözlərinə görə, universitetin elektron tədris sistemi 6 aydan çoxdur ki, faktiki olaraq işləmir. Oktyabr ayından etibarən tələbələr mühazirə materiallarını sistemdən yükləyə bilmir, bunun nəticəsində isə imtahanlara lazımi hazırlıq olmadan girməyə məcbur qalırlar.

“Universitet deyir ki, imtahana qədər materialların sistemdə olmaması aktual məsələ deyil. Amma bu problem oktyabrdan var, imtahan isə yanvarda idi. Biz 3 ay heç bir mühazirə yükləyə bilmədik”, - tələbələr bildirir.

ADNSU-nun tələbələrə rəsmi açıqlamasında iddia olunub ki, imtahan nəticələri yoxlanılan kimi tələbələrə təqdim edilib. Lakin şikayətçilər bunu tam təkzib edirlər:

“Günlərlə nəticə gözləmişik, çıxmayıb. Bir imtahanın nəticəsi açıqlanmadan digər imtahanın vaxtı çatırdı”.

Tələbələrin sözlərinə görə, bal aşağı yazıldıqda şikayətə baxan olmur. Apellyasiya prosesində isə daha absurd vəziyyət yaranır:

“Deyirlər ki, müəllim balı qaldıranda ona töhmət verilir. O halda apellyasiya nəyə lazımdır? Bu, tələbəni susdurmaqdan başqa bir şey deyil”.

Bakıvaxtı.az-a göndərilən müraciətdə tələbələr bildirir ki, magistratura pilləsinin əsas mahiyyəti olan ixtisaslaşma ADNSU-da faktiki olaraq ləğv edilib.

Məsələn, geofizika ixtisasına qəbul olunmuş tələbələrə geofizika ilə bağlı olmayan, tam fərqli fənlər tədris olunur.

“Magistr ixtisaslaşmaq üçündür, bakalavrda olduğu kimi ümumi fənlər keçmək üçün yox. Biz qəbul olanda geofizikaya bal yazmışıq, amma indi deyirlər ki, hamı eyni ixtisası bitirəcək - geologiya və geofizika birlikdə. Bu nə deməkdir? Əgər geologiya oxumaq istəyirdik, o ixtisasa sənəd verərdik”,- tələbələr deyir.

Sistem dəyişdikdən sonra müxtəlif ixtisasların tələbələri eyni auditoriyalara yığılır, bütün mühazirələr birlikdə keçirilir. Bu isə həm dərs keyfiyyətini aşağı salır, həm də tələbələrin ixtisas hazırlığını tam şəkildə pozur.

“Magistrda ixtisaslaşmaq əvəzinə, ADNSU tələbələri öz ixtisasından uzaqlaşdırır. Bu, magistraturanı sırf formal bir məqama çevirir”.

Şikayətdə vurğulanır ki, baş verənlər təkcə bir neçə tələbənin yox, bütün qrupların və müəllimlərin narazılığıdır. Lakin buna baxmayaraq, universitet rəhbərliyi real problemləri gizlətməyə çalışır, rəsmi açıqlamalar isə faktları təhrif edir.

“Biz bu universitetə ixtisaslaşmaq üçün gəlmişik, amma ADNSU bizi seçdiyimiz sahədən uzaqlaşdırır. Tədris sistemi işləmir, proqramlar dəyişdirilir, imtahanlara nəzarət yok, şikayətlərə cavab verən yoxdur. Bu məsuliyyətsizlik artıq dözülməz həddə çatıb”.

Məsələ ilə bağlı təhsil ADNSU-nun mətbuat xidməti Bakıvaxtı.az-ın sorğusunu cavablandıraraq  bildirir ki, elektron sistem 1 yanvar 2026-cı il tarixinə qədər olan müqaviləyə əsasən fəaliyyət göstərib və imtahan həftəsinə qədər bütün mühazirə materialları UNIBOOK platformasında yerləşdirilib. İmtahana qədər materialların əldə edilməməsi məsələsi aktual olmayıb, çünki həmin dövrdə tələbələr həm mühazirə mətni, həm də imtahan sualları ilə təmin olunublar. İmtahanlar tələbəyönümlü yanaşma əsasında 3 gün intervalında təşkil edilib və nəticələr müəllimlərin yoxlamasından dərhal sonra eyni gün fakültələr tərəfindən elan olunub.

ADNSU-nun açıqlamasında qeyd olunur ki, Apellyasiya müraciətləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Apellyasiya Komissiyası tərəfindən qəbul edilib. 2025-2026-cı tədris ilinin payız semestri ərzində komissiyaya ümumilikdə 486 müraciət daxil olub, bunlardan 67-si magistratura səviyyəsində olan tələbələrin müraciətidir. Hətta razılaşmayan tələbələr üçün ekspert yoxlanışları da təşkil olunub və ümumilikdə 14 yazı ekspert yoxlanışı aparılıb.

Universitet magistratura səviyyəsində fənlərin əmək bazarına uyğun təsdiqləndiyini, semestr üzrə deyil, tədris ili üzrə planlaşdırıldığını və müəllimlərin iş yükünün buna uyğun müəyyənləşdirildiyini vurğulayıb. ADNSU qeyd edir ki, ali təhsilin bütün səviyyələrinə, o cümlədən magistraturaya qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir və universitetin ixtisas və ixtisaslaşmanı dəyişdirmək hüququ yoxdur; yalnız tələbələr transfer.gov.az vasitəsilə transfer üçün müraciət edə bilərlər.

“Müxtəlif ixtisasların tələbələrinə eyni auditoriyalarda dərslərin keçirilməsi” iddiası isə universitet tərəfindən şişirdilmiş hesab olunur. ADNSU-da hər qrup üçün əvvəlcədən nəzərdə tutulmuş ayrı auditoriyalar, müasir təhsil proqramları və kifayət qədər müəllim heyəti mövcuddur. Universitetin əsas məqsədi savadlı və ixtisaslı kadrlar hazırlamaq, elmi-tədqiqat sahəsində uğurlar qazanmaq və elmin inkişafına töhfə verməkdir".

Murad İsmayıl


SON XƏBƏRLƏR

05 Aprel 2026