• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Fransa Azərbaycana qarşı qərəzindən niyə əl çəkmir?

SİYASƏT

14 Oktyabr 2026 | 16:13 | Müəllif: Zeynəb Rzayeva

Fransa Azərbaycana qarşı qərəzindən niyə əl çəkmir?

“Beynəlxalq hüququn aliliyindən danışan Fransa ilk öncə öz siyasətində ciddi korrektələrə getməli, Azərbaycana qarşı təzyiq siyasətindən əl çəkməlidir”.

Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Fransanın Azərbaycana münasibətini Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransanın Azərbaycana münasibətində iki fərqli istiqamət diqqəti cəlb edir. Bunlardan biri Cənubi Qafqazdakı geosiyasi maraqlardırsa, digəri Fransanın dənizaşırı ərazilərində müstəmləkəçilikdən qalan problemlər, həmin əraziləri, onların xalqlarını, yeraltı və yerüstü sərvətlərini əldən buraxmamaq cəhdləridir.

Politoloq vurğulayıb ki, əsas ziddiyyət suverenlik və öz müqəddəratını təyinetmə hüququnu müdafiə etdiyini iddia edən Fransanın özünün beynəlxalq hüququn norma və prinsiplərini pozması, xalqlara və dövlətlərə təzyiq siyasəti tətbiq etməsidir.

Ş.Həsənovanın fikrincə, dənizaşırı ərazilərdəki bəzi xalqların siyasi statusu, müstəqillik tələbləri və yerli əhalinin hüquqları görməzdən gəlinir. Hətta Fransanın rəsmi hüquqi sənədlərində belə Kanak xalqının öz müqəddəratını təyinetmə prosesinin tamamlanmaması ilə bağlı problemlər qeyd edilib:

“Cənubi Qafqazda siyasi təsirini itirən Fransa uzun müddətdir Azərbaycandan əl çəkə bilmir. Bu proses Azərbaycan torpaqlarının təxminən 30 il ərzində işğal altında olduğu dövrü və ondan sonrakı mərhələni əhatə edir”.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində keçmiş ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirsə də, Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasətə hər zaman qarşı olub, əksinə, Ermənistanın mövqeyini haqsız şəkildə dəstəkləyib.

Şəbnəm Həsənova: Fransa dənizaşırı ərazilərdə yaşayan insanların hüquqlarını görməzdən gəlir

Ş.Həsənova qeyd edib ki, Fransanın əsas məqsədi Ermənistanla münasibətlər fonunda Cənubi Qafqazda mövqeyini qoruyub saxlamaq və daha da gücləndirməkdir. Rəsmi Parisin İrəvanla yaxın münasibətləri və müdafiə əlaqələri onun Cənubi Qafqaz siyasətinin mühüm tərkib hissəsidir.

Politoloqun qənaətinə görə, hazırda Cənubi Qafqazda yeni reallıq formalaşır. Regional kommunikasiyalar, enerji və diplomatik nüfuz baxımından Azərbaycanın rolu artır. Müstəqil xarici siyasət yürüdən Azərbaycan yaranan yeni reallıqla hesablaşmaq əzmini və qətiyyətini ortaya qoyur. Bu baxımdan Paris Azərbaycanın bu siyasətinin təsirini azaltmağa və ona təzyiq göstərməyə çalışır, öz təhlükəsizlik və siyasi maraqlarını ön plana çəkir.

O bildirib ki, Azərbaycan Avropanın enerji və nəqliyyat strategiyasında yaxından iştirak edir. Ölkə Avropanın enerji təchizatının şaxələndirilməsində, Şərqlə Qərb arasında əlaqələrin inkişafında önəmli rol oynayır.

Müsahibimiz əlavə edib ki, Fransa dənizaşırı ərazilərdə yaşayan insanların hüquqlarını görməzdən gəlir, hərbi mövcudluğunu və strateji təsir imkanlarını qorumağa çalışır. Yerli müstəqillik tərəfdarları ilə Fransa arasında ziddiyyətlər kəskinləşir. Müstəmləkəçilik dövründən qalan münasibətlər yerli xalqların hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Onların siyasi təmsilçiliyi, torpaq hüquqları və iqtisadi bərabərsizliklə bağlı problemlər davam edir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR