• Bakı 16° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

“Türkiyə-Azərbaycan eyni könül coğrafiyasının qüdrətli dövlətləridir” - Dövlət Bağçalı

SİYASƏT

14 Oktyabr 2026 | 16:39 | Müəllif: Əli Hüseynov

“Türkiyə-Azərbaycan eyni könül coğrafiyasının qüdrətli dövlətləridir” - Dövlət Bağçalı

Türkiyə Türk Dövlətləri Təşkilatına dövr sədrliyi müddətində Türk dünyası arasında əməkdaşlığın genişləndirilməsini, üzv dövlətlərin suverenliyinə qarşılıqlı hörmət əsasında ortaq hədəflərin həyata keçirilməsini prioritet hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bağçalı "X" sosial platformasında paylaşıb.

Onun sözlərinə görə, dünyada siyasi, iqtisadi və geosiyasi proseslərin sürətləndiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının əldə etdiyi inkişaf səviyyəsi Türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir.

"Türk Dövlətləri Təşkilatı ortaq tariximizin, mədəniyyətimizin və müştərək gələcək təsəvvürümüzün institusional əsasına çevrilib. Adriatik dənizindən Çin səddinə qədər uzanan geniş Türk dünyasında siyasi iradənin gücləndiyi, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdiyi, nəqliyyat və enerji bağlantılarının genişləndiyi yeni bir dövr formalaşmaqdadır.

Müdafiə sənayesi, texnologiya, təhsil, elm və mədəniyyət başda olmaqla, bir çox sahədə əməkdaşlıq imkanlarının artması Türk dövlətləri arasındakı münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir".

Bağçalı qeyd edib ki, bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki münasibətlərin təməlində hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və daxili hüquq sisteminə hörmət prinsipi dayanır. Hər bir Türk Cümhuriyyəti müstəqil və suveren dövlətdir. Türk dövlətləri arasında əməkdaşlıq bu suverenlik anlayışına əsaslanır, qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar zəminində inkişaf edir. 

"Egey dənizindən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki qüdrətli dövlətidir. İki ölkə arasındakı qardaşlıq hüququna xələl gətirməyə yönələn hər cür yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır:

"Türkiyənin Türk Dövlətləri Təşkilatına dövr sədrliyini öz üzərinə götürməsi də mövcud proseslərin yaratdığı mühüm məsuliyyət və fürsətdir".

MHP başqanı qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bu prosesin ən möhkəm dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi proseslərin fövqündə dayanaraq xalqlarımızın ortaq yaddaşına və könül birliyinə söykənir:

"Bu baxımdan, Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın zirvə görüşü çərçivəsində keçirəcəkləri görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanırıq.

Oktyabr ayının son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü bu baxımdan tarixi əhəmiyyət daşıyır. Zirvə görüşündə dövr sədrliyinin Azərbaycandan Türkiyəyə keçməsi ilə Türkiyə Türk dünyasının ortaq hədəflərinin həyata keçirilməsi istiqamətində mühüm məsuliyyət daşıyacaq.

Türkiyə tarixi irsi, dövlətçilik təcrübəsi, iqtisadi potensialı, diplomatik gücü və Türk dünyası ilə qurduğu möhkəm əlaqələr sayəsində Təşkilatın inkişafında mühüm mövqeyə malikdir".

Dövlət Bağçalı İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” anlayışının bu gün də Türk dövlətləri arasındakı münasibətlərin müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi baxımından öz yolgöstərici mahiyyətini qoruduğunu vurğulayıb:

"Bu çərçivədə təhsil, mədəniyyət, iqtisadiyyat, elm və texnologiya sahələrində əməkdaşlıq mexanizmləri gücləndirilməli, Türkiyənin bilik və təcrübəsi, institusional potensialı Türk dünyasının ortaq inkişaf hədəfləri istiqamətində səfərbər edilməlidir.

Türk dünyasının malik olduğu potensial dövlətlərimizin mövcud imkanlarının cəmindən daha böyük məna daşıyır. Bu potensialın real gücə çevrilməsi ortaq ağıl, səmərəli koordinasiya, qarşılıqlı hörmət, suverenliyə riayət və uzunmüddətli strateji baxış sayəsində mümkündür.

Türkiyənin dövr sədrliyi də məhz bu yanaşmanın konkret nəticələrə çevrildiyi bir mərhələ olmalıdır".

"İstiqamətimiz aydındır: Başda Azərbaycan olmaqla, Türk dünyası arasındakı qardaşlıq hüququna və mənəvi bağlara xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan vermədən, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin üzərimizə qoyduğu məsuliyyət şüuru ilə ortaq gələcəyimizi qurmaq, Türk və Türkiyə Əsri hədəfini Türk dünyasının yüksəlişi ilə birləşdirməkdir.

Türkiyə Türk Dövlətləri Təşkilatına dövr sədrliyi müddətində tarixindən aldığı güc, dövlətçilik təcrübəsi və gələcəyə baxışı ilə Türk dünyasının birlik, həmrəylik və yüksəliş hədəflərinə töhfə verməyə davam edəcək", - Dövlət Baxçalı qeyd edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR