ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı açıqlaması beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.
Oktyabrın 11-də Tramp tərəflərin enerji atəşkəsinə razılaşdığını və razılaşmanın dərhal qüvvəyə mindiyini bəyan etsə də, hadisələrin sonrakı inkişafı bu açıqlama ilə real vəziyyət arasında ciddi fərqlərin olduğunu göstərir. Ukrayna Prezidenti Volodimir Zelenski təşəbbüsü dəstəklədiyini, lakin razılaşmanın konkret şərtləri barədə məlumat gözlədiyini bildirib. Rusiya isə atəşkəsi rəsmən təsdiqləməyib və Ukraynanın enerji infrastrukturuna hücumların davam etməsi razılaşmanın icrası ilə bağlı sualları artırıb. Beləliklə, hazırkı mərhələdə enerji atəşkəsinin qüvvəyə minmiş və tərəflər tərəfindən icra olunan razılaşma olduğunu söyləmək çətindir.
Digər tərəfdən, Trampın məhz indi enerji məsələsini ön plana çıxarması təsadüfi hesab edilmir. Yaxın Şərqdə müharibənin qlobal enerji bazarına təsiri, dizel yanacağının bahalaşması və ABŞ-də noyabrın 3-də keçiriləcək Konqres seçkiləri Vaşinqtonun xarici siyasət qərarlarına təsir göstərən mühüm amillərdir. ABŞ administrasiyasının Rusiya yanacağına tətbiq olunan bəzi məhdudiyyətləri yumşaltması və Moskva ilə dizel tədarükünə dair razılaşma elan etməsi də bu kontekstdə diqqət çəkir. Eyni zamanda, Trampın Zelenskinin fəaliyyətini tənqid etməsi və Ukraynada yeni prezident seçkilərinin keçirilməsini gündəmə gətirməsi Vaşinqtonla Kiyev arasında fikir ayrılıqlarını dərinləşdirib. Zelenski isə seçkilərin təşkili üçün Rusiyadan 60 günlük tam atəşkəs tələb edir. Moskvanın bu təklifə mənfi yanaşması müharibənin siyasi həlli istiqamətində ciddi maneələrin qaldığını göstərir.
Bəs Trampın enerji atəşkəsi təşəbbüsünün arxasında hansı siyasi və iqtisadi maraqlar dayanır? Rusiya və Ukrayna arasında real razılaşmanın əldə olunması mümkündürmü? Ukraynada prezident seçkilərinin keçirilməsi müharibənin gedişinə necə təsir göstərə bilər? Mövcud vəziyyəti və mümkün ssenariləri Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayevanın sözlərinə görə, hazırkı vəziyyət göstərir ki, Trampın enerji atəşkəsi ilə bağlı açıqlaması hələlik tərəflərin qarşılıqlı öhdəliklərini müəyyənləşdirən və icrası təmin olunan razılaşmaya çevrilməyib. Ukrayna enerji obyektlərinə hücumların qarşılıqlı şəkildə dayandırılmasına hazır olduğunu bildirsə də, Rusiya tərəfindən eyni məzmunda aydın və təsdiqlənmiş öhdəlik ortaya qoyulmayıb. Əksinə, Trampın açıqlamasından sonra Ukraynanın enerji infrastrukturuna hücumların davam etməsi təşəbbüsün nə dərəcədə real olduğunu şübhə altına alır.
Dediyinə görə, burada mühüm məqam ondan ibarətdir ki, enerji atəşkəsi ümumi atəşkəs demək deyil və belə razılaşma əldə olunsa belə, cəbhə xəttində hərbi əməliyyatlar davam edə bilər:
“Digər tərəfdən, Rusiya enerji obyektlərinə hücumları Ukraynaya təzyiq vasitəsi kimi istifadə etdiyi halda, Kiyev də Rusiya neft emalı müəssisələrinə zərbələri Moskvanın müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq vasitəsi hesab edir. Ona görə də tərəflərin bu imkanlardan qarşılıqlı şəkildə imtina etməsi üçün sadəcə siyasi bəyanat deyil, konkret öhdəliklər, nəzarət mexanizmi və pozuntulara görə məsuliyyət məsələləri razılaşdırılmalıdır”.
Trampın məhz indiki mərhələdə enerji atəşkəsi təşəbbüsünü irəli sürməsinin əsas səbəblərinə gəlincə, politoloq hesab edir ki, Ağ ev sahibinin bu təşəbbüsünü yalnız Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəyi ilə əlaqələndirmək düzgün olmazdı, çünki burada ABŞ-ın iqtisadi və daxili siyasi maraqları da mühüm yer tutur. Yaxın Şərqdə davam edən hərbi qarşıdurmanın enerji bazarlarında yaratdığı qeyri-sabitlik və yanacağın bahalaşması Amerika administrasiyasını alternativ təchizat imkanları axtarmağa sövq edir. Rusiya neft emalı müəssisələrinə Ukrayna tərəfindən endirilən zərbələr də dizel yanacağı bazarındakı vəziyyəti mürəkkəbləşdirən amillərdən biri kimi Vaşinqtonun diqqət mərkəzinə düşüb. Onun sözlərinə görə, xüsusilə noyabrın 3-də keçiriləcək Konqres seçkiləri ərəfəsində enerji qiymətlərinin yüksəlməsi Tramp və Respublikaçılar Partiyası üçün əlavə siyasi risklər yaradır. Müsahibimiz qeyd edib ki, bu baxımdan, Tramp həm enerji bazarında qiymət təzyiqini azaltmağa, həm də seçicilər qarşısında beynəlxalq böhranların həllinə təsir göstərən lider obrazını möhkəmləndirməyə çalışır. Lakin Rusiya yanacağının beynəlxalq bazara çıxışının asanlaşdırılması Moskvanın gəlirlərini artıra biləcəyi üçün bu siyasət Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalar baxımından ciddi ziddiyyətlər də yaradır.
Z.Qarayeva bildirib ki, Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsi artıq yalnız ölkənin daxili siyasi gündəmi ilə məhdudlaşmır, eyni zamanda Rusiya, ABŞ və Ukrayna arasındakı münasibətlərin mühüm müzakirə predmetinə çevrilir. Dediyinə görə, Zelenskinin 60 günlük tam atəşkəs tələb etməsi ilk növbədə seçkilərin təhlükəsiz şəraitdə təşkili, hərbçilərin səsvermədə iştirakı və seçki prosesinin hüquqi əsaslarının yaradılması zərurətindən irəli gəlir:
“Nəzərə almaq lazımdır ki, Ukraynada hərbi vəziyyət şəraitində prezident seçkilərinin keçirilməsinə hüquqi məhdudiyyətlər mövcuddur və yalnız döyüşlərin müvəqqəti dayandırılması bütün təşkilati problemləri avtomatik həll etmir. Rusiyanın 60 günlük atəşkəs təklifini qəbul etməməsi isə Moskvanın seçkilərin keçirilməsi naminə uzunmüddətli hərbi fasiləyə getmək niyyətində olmadığını göstərir”.

Züriyə Qarayeva: Yaxın perspektivdə Ukraynada prezident seçkilərinin keçirilməsi ehtimalı aşağıdır
Həmsöhbətimizə görə, Rusiya üçün Ukraynada siyasi rəhbərliyin dəyişməsi əlverişli görünə bilər, lakin belə bir dəyişikliyin məhz seçki yolu ilə baş verəcəyi və Moskvanın maraqlarına uyğun nəticələnəcəyi əvvəlcədən məlum deyil:
“Bu səbəbdən hesab edirəm ki, yaxın perspektivdə Ukraynada prezident seçkilərinin keçirilməsi ehtimalı aşağıdır və bu mövzu tərəflər arasında siyasi təzyiq vasitəsi kimi gündəmdə qalacaq”.
“Mövcud şəraitdə Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşması nə dərəcədə mümkündür, yaxın dövrdə hansı ssenarilər gözlənilir və bu təşəbbüs müharibənin başa çatmasına yol aça bilərmi” sualını cavablandıran politoloq deyib ki, yaxın perspektivdə enerji obyektlərinə hücumların qarşılıqlı dayandırılması barədə məhdud razılaşmanın əldə olunması mümkündür, lakin bunun davamlı sülh prosesinə çevriləcəyini indidən söyləmək çətindir. Rusiya hərbi əməliyyatları davam etdirməklə Ukraynaya təzyiq imkanlarını qorumağa çalışır, Ukrayna isə öz növbəsində Rusiyanın enerji sektoruna zərbələri mühüm hərbi-iqtisadi vasitə kimi qiymətləndirir. Tramp administrasiyasının hər iki tərəfə diplomatik təzyiq göstərməsi müəyyən nəticələr verə bilər, ancaq təzyiqin əsasən Kiyevə yönəlməsi danışıqlarda tərəflər arasında balansın pozulması riskini artırır. Burada üç mümkün inkişaf istiqaməti görünür: məhdud enerji atəşkəsinin əldə olunması, razılaşma olmadan qarşılıqlı hücumların davam etməsi və yaxud enerji məsələsindən daha geniş siyasi danışıqlara keçid üçün istifadə olunması.
“Mənim qənaətimcə, ən real ehtimal yaxın müddətdə danışıqların davam etməsi ilə yanaşı, cəbhədə hərbi qarşıdurmanın da saxlanılmasıdır, çünki ərazi məsələləri, təhlükəsizlik təminatları və müharibənin dayandırılması şərtləri üzrə tərəflərin mövqeləri hələ də ciddi şəkildə fərqlənir. Nəticə etibarilə, enerji atəşkəsi mümkün sülh prosesinin ilkin mərhələsinə çevrilə bilər, lakin onun uğuru Trampın bəyanatlarından daha çox Moskva və Kiyevin real öhdəlik götürməsindən və həmin öhdəliklərin yerinə yetirilməsindən asılı olacaq”, - deyə Züriyə Qarayeva vurğulayıb.
Zülfü Məmmədov
















