"İran, Əfqanıstan və yaxın coğrafiyada yerləşən digər ərəb ölkələrindəki bəzi nümunələr dünyəvi dövlət olan Azərbaycan üçün heç vaxt real nümunə sayıla bilməz".
Bunu erkən nikahın fəsadlarını Bakıvaxtı.az-a şərh edən sosioloq Nail Cəlil deyib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində və qlobal müstəvidə geniş müzakirə olunan əsas mövzulardan biri erkən nikah problemidir:
"Cəmiyyətimizdə bu məsələ artıq birmənalı şəkildə qəbul edilsə də, hüquqi tənzimləmə sahəsində müəyyən ziddiyyətlər hələ də qalmaqdadır. Faktiki olaraq rəsmi və ya dini nikahda yaşamaq 16 yaşa qədər mümkünsüzdür. Lakin qanunvericilikdə cinayət məsuliyyətinin yaranmadığı istisna hal kimi 16 yaş göstərilir, hüquqi cəhətdən isə nikah yaşı 18 yaş həddi ilə tənzimlənir. Gənclik və ya nikaha daxil olmaq yaşı ilə yetkinlik yaşı bir-biri ilə bərabərləşdirilməlidir. Ən yaxşı və optimal halda bu hədd 18 yaş olaraq müəyyən edilməlidir, kompromis variant kimi belə 17 yaşın istisna hal olaraq götürülməsi məqsədəuyğun deyil".
Müsahibimiz bildirib ki, cəmiyyətimiz sözügedən məsələyə münasibətdə milli maraqlardan, mental dəyərlərdən, həmçinin əhalinin sağlamlığı və təhlükəsizliyi mövqeyindən çıxış etməlidir.
"Çünki erkən nikahlar daha çox fəsadlar doğurur. Bunlardan biri ölüm risklərinin artması, daha zəif uşaqların dünyaya gəlməsidir. Həmçinin erkən yaşda nikaha daxil olan şəxslərin hüquqlarının pozulması ilə nəticələnən çoxsaylı problemlər yaranır. Uşaq yaşında təhsil almaqdan məhrum qalan şəxslərin psixologiyasına da bu hallar mənfi təsir göstərir", - deyə N.Cəlil vurğulayıb.

Nail Cəlil, sosioloq
Erkən nikahla mübarizə metodlarına toxunan sosioloq hesab edir ki, yeniyetmələrin bu istiqamətdə maarifləndirilməsi, məşğulluğunun artırılması və enerjisinin düzgün yönəldilməsi mövcud fəsadların aradan qaldırılmasında mühüm rol oynayır:
"Dünyada və müxtəlif cəmiyyətlərdə müşahidə olunan fərqli davranış nümunələri heç də bütün bəşəriyyət üçün universal model sayıla bilməz. İnkişaf etmiş və sivil ölkələrdə bu kimi məsələlər tamamilə fərqli çərçivədə və hüquqi qaydalar daxilində tənzimlənir. Erkən nikahların qarşısının alınması istiqamətində dünyada və ölkəmizdə hüquqi prinsiplər işləməli, dünyəvi dövlətçilik modeli və dini model ilə yanaşı birgə yaşayış təmin olunmalıdır. Bu, əslində dinin hüquqa və ya hüququn dinə qarşı olması demək deyil. Sadəcə olaraq zaman və məkana bağlı formalaşmış müəyyən adət-ənənələr var ki, onlar ilk növbədə sağlamlıq prinsipinə əsaslanmalıdır.
18 yaşına çatmamış şəxslərin ailə qurmaq meyllərinin qarşısını almaq üçün ilk növbədə yetkinlik yaşına qədər olan dövrün prioritetləri düzgün müəyyən edilməlidir. Yeniyetmələr anlamalıdırlar ki, bu yaş dövründə onların üzərinə düşən daha vacib vəzifələr və öhdəliklər var".
Sosioloq sonda qeyd edib ki, hər bir vətəndaş 18 yaşa qədər öz üzərinə düşən məsuliyyətləri yerinə yetirməli, şəxsiyyət kimi formalaşmalı və bundan sonra sərbəst seçim etmək hüququ qazanmalıdır.
Gülşən Şərif
















