Günümüzün aktual mövzularından biri erkən nikah və bunun yaratdığı fəsadlarla bağlıdır. Lakin bir sıra ölkələrdə azyaşlı qız uşaqlarının ərə verilməsi cəmiyyət tərəfindən adi hal kimi qəbul olunur. Bu ölkələrə İran, Əfqanıstan, ərəb ölkələrini misal çəkmək olar.
Əfqanıstanda Talibanın 2021-ci ildə hakimiyyətə qayıdışından sonra qızların təhsili qadağan edilib və uşaq nikahları kəskin artıb. Yeni fərmanlar bu nikahları dolayısı ilə qanuniləşdirir.
Rəsmi statistikaya görə, İranda hər il minlərlə qız 15 yaşından tez ailə həyatı qurur. Qanunvericiliyə görə, qızlar 13 yaşında evlənə bilər. Atanın və məhkəmənin icazəsi ilə bu yaş daha da aşağı (məsələn, 9-10 yaş) ola bilər.
Həmçinin Yəmən, Sudan, Suriya, Tunis və bir sıra ərəb ölkələrində qızların tez evləndirilməsi halları yaşanır.
Erkən nikahın qarşısını almaq üçün beynəlxalq təşkilatlar İran, Əfqanıstan və ərəb ölkələrində zərərçəkmiş qızlara dəstək olmaq üçün kompleks humanitar proqramlar və strateji həll yolları tətbiq edirlər. Bu fəaliyyətlər əsasən UNICEF, UNFPA (BMT-nin Əhali Fondu) və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) tərəfindən idarə olunur. O cümlədən, erkən nikaha məruz qalmış və ya təhlükə altında olan qızların reabilitasiyası üçün humanitar missiyalar həyata keçirilir. Eyni zamanda təşkilatlar ailələrə qız övladlarını məktəbdə saxlamaları və ya erkən ərə verməmələri şərti ilə aylıq maliyyə yardımı və ya ərzaq paketləri verirlər. Bu cür addımların atılmasına baxmayaraq, hələ də sözügedən ölkələrdə erkən nikah öz aktuallığını qoruyur.
Bəs görəsən, daha effektiv nəticə əldə etmək üçün dünyada erkən nikahın qarşısını necə almaq olar? Erkən nikah uşaqların psixologiyasına necə təsir edir?

Arzuxan Əlizadə: Bəzi cəmiyyətlərdə azyaşlı qızların nikaha cəlb olunması adət-ənənə adı altında normallaşdırılır
Mövzu ilə bağlıBakıvaxtı.az-a danışan deputat Arzuxan Əlizadə bildirib ki, erkən nikah bu gün dünyanın bir çox ölkələrində aktual olaraq qalan, cəmiyyətin gələcəyinə və xüsusilə də uşaqların hüquqlarına birbaşa təsir göstərən ciddi sosial problemlərdən biridir.
Onun sözlərinə görə, təəssüf ki, bəzi cəmiyyətlərdə azyaşlı qızların nikaha cəlb olunması adət-ənənə adı altında normallaşdırılır. İran, Əfqanıstan və bir sıra digər ölkələrdə müşahidə olunan bu yanaşma uşaqların təhsil, sağlamlıq, şəxsi inkişaf və sərbəst seçim hüquqlarının məhdudlaşmasına gətirib çıxara bilər".
Deputat vurğulayıb ki, heç bir adət-ənənə uşağın hüquqlarının pozulmasına, onun gələcəyinin əlindən alınmasına bəraət qazandıra bilməz.
"Uşağın taleyi ilə bağlı qərarlar onun fiziki və psixoloji yetkinliyi, hüquqları və qanuni mənafeləri nəzərə alınmadan verilə bilməz", - Arzuxan Əlizadə qeyd edib.

İlahə Dadaşova: Bəzi ölkələrdə erkən yaşda olan qızlar kişilərə sanki bir hədiyyə kimi təqdim olunur
Psixoloq İlahə Dadaşova isə Bakıvaxtı.az-a açıqlamasında erkən nikahın qızların psixologiyasına təsirindən danışıb.
Onun sözlərinə görə, erkən nikah uşaq psixologiyasını və fiziki sağlamlığını ciddi təhlükə altına alan, onun gələcək inkişafını məhdudlaşdıran mühüm sosial problemlərdən biridir:
"Yaş psixologiyasına əsasən, insanın formalaşması uşaqlıq, yeniyetməlik, gənclik və yetkinlik kimi müəyyən mərhələlərdən keçir. Yeniyetməlik dövründə insan həm fiziki, həm də psixoloji baxımdan inkişaf prosesində olur. Bu səbəbdən, həmin yaş qrupuna aid fərdlərin şüurlu şəkildə nikah qərarı vermək imkanı, habelə ailə məsuliyyətini tam dərk etmək yetənəyi yoxdur. Fizioloji və psixoloji baxımdan hələ yetişməmiş uşaqların erkən nikaha sövq edilməsi ağır fəsadlara yol açır. Bu addım gənclərin şəxsi inkişafını dayandırmaqla yanaşı, onlarda depressiya, təşviş pozuntuları və digər psikoloji problemlərin yaranmasına zəmin yaradır. Eyni zamanda, vaxtından əvvəl qurulan ailələrdə qarşılıqlı anlaşılmazlıqlar, uyğunsuzluqlar və boşanma halları daha çox müşahidə olunur".
İ.Dadaşova görə, müəyyən cəmiyyətlərdə bu halın qəbul olunmasının əsas səbəbi radikal dini görüşlərin və patriarxal (kişi üstünlüyünə əsaslanan) sistemin hökm sürməsidir.
"Belə cəmiyyətlərdə kişilərə hər şeyin icazə verildiyi anlayışı yayılıb və erkən yaşda olan qızlar onlara sanki bir hədiyyə kimi təqdim olunur. Nəticədə, cəmiyyət bu modeli norma kimi qəbul edərək ona uyğun yaşamağa davam edir. Lakin sivil və dünyəvi ölkələrdə bu hadisənin həm psixoloji, həm də tibbi baxımdan tamamilə yolverilməz olduğu açıq şəkildə dərk edilir", - deyə müsahibimiz qeyd edib.
Psixoloq vurğulayıb ki, erkən nikahların mövcudluğu sonradan baş verən boşanmaların əsas səbəblərindən birini təşkil edir. Yetkinlik yaşına çatan qadın həmin şəxslə bir yerdə yaşamaq istəmədiyini və onu sevmədiyini anlayaraq boşanma qərarına gəlir. Hələ tam formalaşmamış fərdin məcburi ailə qurması gələcəkdə müxtəlif neqativ hallara – xəyanətlərə və evdən qaçmalara yol açır:
"Eyni zamanda, bu cür hallar bir çox psixoloji və psixiatrik xəstəliklərin, o cümlədən depressiya və təşviş pozuntularının yaranmasına zəmin yaradır. Erkən nikahların qarşısının alınması üçün cəmiyyətdə maarifləndirmə işləri gücləndirilməli, hüquqi və sosial mexanizmlər effektiv şəkildə tətbiq edilməlidir. Sivil və dünyəvi cəmiyyətlərdə uşaqların hüquqlarının qorunması, təhsil alması və sağlam mühitdə böyüməsi prioritet məsələ hesab olunur".
Gülşən Şərif
















