“Azərbaycanda vahid təhsil sistemi və məktəbli formasına keçid çox vacib məsələdir. Nazirlər Kabinetinin bununla bağlı qəbul etdiyi qərar tamamilə dəstəklənməlidir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov deyib.
O bildirib ki, Azərbaycanın özünəməxsus təhsil ənənələri var və bu ənənələr uzun illər ərzində formalaşıb.
F.Qurbanovun sözlərinə görə, Azərbaycanda müxtəlif dövrlərdə alimlər, ziyalılar və müəllimlər məhz bu təhsil ənənələri əsasında yetişiblər. Onlar Azərbaycan ziyalılığının və mədəniyyətinin daşıyıcılarına çevriliblər.
Alim qeyd edib ki, vahid məktəbli formasına keçidlə bağlı qərar dərindən aparılan təhlillər əsasında qəbul edilib və müstəqil dövlətçiliyin xüsusiyyətlərini özündə əks etdirir.
O, yeni məktəbli formasının tətbiqinin dini inanclara mənfi təsir göstərdiyi barədə iddialarla da razılaşmayıb. F.Qurbanovun fikrincə, məktəb yaşlı uşaqların, xüsusilə də həddi-büluğa çatmamış şagirdlərin əvvəlcədən hər hansı dini istiqamətə yönləndirilməsi düzgün yanaşma deyil.
“Bunu dövlət qəbul etməz, eləmir və eləməyəcək”, – deyə o vurğulayıb.
F.Qurbanov hesab edir ki, Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarı dövlətçilik və müstəqillik prinsiplərinə uyğundur. Onun sözlərinə görə, bu istiqamətdə dövlət və məktəblər öz fəaliyyətlərini davam etdirəcəklər.
Dəniz Cahan
















