Valideynlər uşaqları müalicə edərkən təbii vasitələrdən istifadə etməzdən əvvəl onların mümkün risklərini nəzərə almalıdırlar. Bitki dəmləmələri, efir yağları və digər xalq təbabəti üsulları uşaqlarda yan təsirlərə və allergik reaksiyalara səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı Regina Nemətova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” proqramında danışıb.
Onun sözlərinə görə, valideynlər bəzən təbii vasitələrin zərərsiz olduğunu düşünərək uşaqlara müxtəlif müalicə üsulları tətbiq edirlər. Lakin bu yanaşma hər zaman təhlükəsiz deyil.
Mütəxəssis bildirib ki, uşağa bitki dəmləmələri, efir yağları və ya bal verərkən onun yaşını, sağlamlıq vəziyyətini və vasitənin uyğunluğunu nəzərə almaq vacibdir.
Regina Nemətova xüsusilə yüksək hərarət, nəfəs darlığı, davamlı qusma və susuzlaşma kimi əlamətlər zamanı evdə təbii üsullarla müalicəyə vaxt itirməyin təhlükəli ola biləcəyini vurğulayıb.
Pediatrın sözlərinə görə, valideynlərin yol verdiyi digər səhvlərdən biri də həkim məsləhəti olmadan antibiotik əvəzinə və ya antibiotiklə yanaşı müxtəlif xalq təbabəti üsullarından istifadə etməkdir.
O, həmçinin uşaqların dərisinə yanıq yarada biləcək isti kompreslərin, spirtin və digər qıcıqlandırıcı maddələrin tətbiq edilməsinin düzgün olmadığını qeyd edib.
Mütəxəssis valideynlərə tövsiyə edib ki, hər hansı təbii vasitədən istifadə etməzdən əvvəl onun uşağın yaşına, xəstəliyinə və qəbul etdiyi digər müalicələrə uyğunluğunu pediatrla dəqiqləşdirsinlər.
















