Elm və Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, tədris prosesinin təşkili üçün zəruri alət, inventar və avadanlıqlar quraşdırılıb.
Hazırda gimnaziyada ümumtəhsil, musiqi, təsviri və tətbiqi sənət, teatr və xoreoqrafiya şöbələri fəaliyyət göstərir. Burada ümumtəhsil fənlərinin tədrisi üçün sinif otaqları, ixtisas fənləri üzrə fərdi və qrup məşğələlərinin keçirilməsi üçün müasir auditoriyalar, eləcə də yaradıcılıq emalatxanaları yaradılıb.
Gimnaziyada 1 214 şagirdin təlim-tərbiyəsi ilə 393 müəllim məşğul olur. Təhsil müəssisəsində şagirdlərə milli və klassik musiqi ilə yanaşı, müxtəlif incəsənət istiqamətləri üzrə bilik və bacarıqlar aşılanır, onların yaradıcılıq potensialının inkişafına imkan yaradılır.
Qeyd olunub ki, İncəsənət Gimnaziyasının 8 yetirməsi gənc istedadların “Qızıl kitab”ına daxil edilib.






















