Azərbaycanda bəzi apteklərdə eyni dərmanların fərqli qiymətlərə satıldığı iddia olunur.
Sosial şəbəkə paylaşımlarında hətta bəzi hallarda qiymətlər arasında fərqin 15-20 manat civarında təşkil etdiyi bildirilir. Bu cür ciddi fərq isə vətəndaşlar üçün müəyyən çətinliklər yaşadır. Vətəndaş hansı aptekdə dərmanın daha ucuz olduğunu araşdırmaqla, vaxt itkisi yaşaya bilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, Tarif Şurası özü dərman vasitələrinin qiymətlərini müəyyən edir və orada qiymət təyin olunarkən bundan yuxarı satmağın qadağan olunduğuna dair maksimum bir hədd qoyulmur. Onun sözlərinə görə, yəni, burada aptekləri mövcud olan biznes subyektlərinə müəyyən qədər azadlıq verilir və onlar da təbii olaraq bazara fərqli qiymətlər təklif edirlər:
“Qiymətlərin kifayət qədər böyük fərqlərlə müəyyən olunması bazar prinsiplərinə uyğun deyil. Mən razıyam ki, sahibkar dərman vasitələrinin qiymətini təyin edərkən ümumi bazarın kontekstini və konyunkturasını nəzərə almalı, qiymətləri də ona görə müəyyənləşdirməlidir. Hər halda fantastik qiymətlərin olması heç də arzuolunan deyil”.
Bu problemin aradan qaldırılması yollarından danışan müsahibimiz qeyd edib ki, məsələn, elə bir elektron portal yaratmaq olar ki, vətəndaşlar hansı ünvanda hansı dərman vasitəsinin neçəyə təklif olunduğunu görə bilsin və ondan sonra müraciət etsin. Ekspertə görə, bu, yüksək qiymət müəyyən edən həmin biznes subyektlərini birbaşa tənzimləyə bilər və onlar başa düşərlər ki, artıq vətəndaşın elektron vasitələrlə qiymətin harada ucuz olduğunu müəyyənləşdirib dərman vasitələrini məhz həmin aptekdən əldə etmək imkanı mövcuddur.

Vüqar Oruc: Qiymətlərin böyük fərqlərlə müəyyən olunması bazar prinsiplərinə uyğun deyil
V.Oruc hesab edir ki, istər dərman preparatları, istərsə də digər istiqamətlərdə satılan məhsullar üçün bazarın inzibati qaydalarla yox, məhz müəyyən alternativ vasitələrlə tənzimlənməsi daha məqsədəmüvafiqdir:
“Çünki inzibati tənzimləmə bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Qiymətləri yalnız və yalnız alternativ vasitələr, elektron imkanlar, elektron əlçatanlıq, qiymətlərin müqayisə sisteminin və mexanizminin yaradılması kimi metodlarla normallaşdırmaq və tənzimləmək olar”.
Həmsöhbətimiz onu da bildirib ki, rəqabət o zaman müzakirə mövzusuna çevrilə bilər ki, orada normal qiymətlərdən aşağı qeyd olunsun:
“Hazırkı situasiyada qiymətlərin yüksəkliyi problem olaraq görünür. Və rəqabət burada biznes subyektlərin fərqliliyi istiqamətində ola bilər ki, yəni daha çox biznes subyekti dərman preparatlarının satışı ilə məşğul olsun, bu istiqamətdə inhisarçı meyillər görünməsin, hiss olunmasın. Bu, rəqabət sisteminin müzakirəsinə təqdim oluna bilər”.
Amma hal-hazırdakı situasiya, yəni bir çox dərman preparatları satışı subyektinin daha yüksək qiymətlər ifadə etməsi, təqdim etməsi bu inhisarçı mövqeyin göstəricisi deyil. Bu, bazarın bayaq qeyd etdiyim kimi, vahid qiymət tənzimlənməsinin elektron variantda olmaması və qiymətin müəyyən qiymətlərin ödənilməsində müəyyən əlçatanlığın təmin edilməməsi ilə bağlı olan problemdir”, - deyə Vüqar Oruc əlavə edib.
Mövzu ilə bağlı Tarif Şurasına sorğu ünvanlamışıq.
Gülşən Şərif










