• Bakı 19° C

    2.55 m/s

Zəngilan təkcə azad edilmiş ərazi deyil, strateji mərkəzdir - MÜSAHİBƏ 

MÜSAHİBƏ

20 Oktyabr 2026 | 15:30 | Müəllif: Gülşən Şərif

Zəngilan təkcə azad edilmiş ərazi deyil, strateji mərkəzdir - MÜSAHİBƏ

Bu gün Azərbaycanda Zəngilan Şəhəri Günüdür. 2020-ci il oktyabrın 20-də, Vətən müharibəsinin 24-cü günü Zəngilan şəhəri və ətraf kəndlər Ermənistan işğalından azad edilib. 

Zəngilan Şəhəri Günü ilə bağlı deputat Azər Allahverənov Bakıvaxtı.az-a  müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Azər bəy, Zəngilanın işğaldan azad olunmasının strateji əhəmiyyəti nədədir?

– Zəngilanın işğaldan azad olunmasının çox ciddi strateji əhəmiyyəti var, çünki istənilən halda ölkənin suverenliyi onun sərhədlərindən başlayır. Bu baxımdan Zəngilanın işğaldan azad olunması İranla olan sərhəddə zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün əlverişli şərait yaratmış, geniş imkanlar açmış olur. Zəngilanın işğalçılardan azad olunması və bilavasitə dövlət sərhədinə çıxışın təmin edilməsi bu baxımdan olduqca əhəmiyyətlidir.

– Zəngilanın regional nəqliyyat və iqtisadi əməkdaşlıq baxımından rolu nədən ibarətdir?

– Zəngilan Azərbaycanın regional nəqliyyat, ticarət və iqtisadi əməkdaşlıq sistemində yeni imkanlar yaradan strateji məkan kimi sonrakı proseslərdə öz təsdiqini tapıb. Çünki bu bölgənin, xüsusilə də bu rayonun infrastruktur quruculuğu üçün geniş imkanları var, çox ciddi potensiala malikdir. Məsələn, rayonun İranla birbaşa sərhəddə yerləşməsi, Ermənistanın Mehri istiqamətinə yaxınlığı və Şərqi Zəngəzurdan Naxçıvana uzanan nəqliyyat marşrutunun məhz buradan keçməsi artıq ondan xəbər verir ki, Zəngilan çox ciddi bir nəqliyyat qovşağına çevrilmək potensialına malikdir. Sonrakı dövrlərdə Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə həyata keçirilən bərpa-quruculuq işlərində də bu məqama xüsusi diqqətin yetirildiyini görürük. Nəticə etibarilə əminliklə deyə bilərik ki, geosiyasi baxımdan Zəngilanın işğaldan azad olunması Azərbaycanın regional nəqliyyat əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaratmış olur.

– Zəngilan şəhərinin sərhəddə yerləşməsi tranzit imkanlarına necə təsir göstərir? 

–  Zəngilanın İranla sərhəddə yerləşməsi tranzit imkanlarını da artırır. Ağbənd istiqamətində Araz çayı üzərində yol körpüsünün və sərhəd-keçid infrastrukturunun yaradılması Azərbaycanla İran arasında yük daşımalarının genişləndirilməsi, Şərqi Zəngəzurla Naxçıvan arasında İran ərazisindən keçən alternativ nəqliyyat əlaqəsinin inkişafı baxımından olduqca əhəmiyyətlidir. 2022-ci ildə əsası qoyulmuş Ağbənd avtomobil körpüsü layihəsi məhz bu məqsədlərə xidmət edir. 

– Zəngilan beynəlxalq nəqliyyat marşrutları baxımından hansı üstünlüklərə malikdir?

– Zəngilanın çox önəmli geosiyasi üstünlüyü şərq-qərb və şimal-cənub nəqliyyat marşrutlarının əlaqələndirilməsi ilə bağlıdır. Çünki Zəngilan gələcəkdə Azərbaycan üzərindən Türkiyəyə və Avropaya, digər tərəfdən isə İran və daha geniş mənada Fars körfəzi istiqamətində çıxan nəqliyyat xətlərinin kəsişmə nöqtələrindən birinə çevrilə bilər. Bu, yük daşımalarının coğrafiyasını genişləndirməklə yanaşı, Azərbaycanın tranzit gəlirlərini artırmaq və beynəlxalq logistika zəncirlərində mövqeyini möhkəmləndirmək üçün yeni imkanlar yaradır.

– Bu məqamda Zəngəzur dəhlizinin rolu barədə nə demək olar?

–  Zəngəzur dəhlizi ətrafında regional iqtisadi əlaqələrin formalaşmasını müşahidə edə bilirik. Ermənistanın Mehri istiqamətinə yaxınlığını, strateji əhəmiyyətə malik olduğunu nəzərdən keçirsək, Naxçıvanı Azərbaycanın əsas ərazisinə birləşdirən dəhlizin məhz Zəngilan üzərindən, Zəngəzur bölgəsindən keçərək Naxçıvanla birbaşa nəqliyyat əlaqəsinin qurulmasına xidmət etdiyini önə çəksək, bu, həm də bölgədə yeni yükdaşıma və sərnişindaşıma imkanlarının artırılması deməkdir. Bununla yanaşı, nəqliyyat infrastrukturu ətrafında digər infrastrukturun da yaradılması burada kifayət qədər geniş iqtisadi fəaliyyətin təşkili üçün imkanlar yaradır.

Deputat Azər Allahverənov

– Zəngilanın iqtisadi potensialını necə qiymətləndirirsiniz?

– Zəngilan geosiyasi əhəmiyyəti ilə yanaşı, iqtisadi potensialı da var. Bunu ayrıca qeyd etmək istəyirəm. Beynəlxalq logistika və tranzit imkanlarının artırılması, müasir kənd təsərrüfatı və ərzaq istehsalının təşkili, aqrar emal və ixrac potensialının artırılması, yaşıl enerji və müasir yaşayış infrastrukturunun qurulması, eləcə də turizm və xidmət sektoru bütövlükdə burada çox ciddi iqtisadi potensialın olduğunu göstərir. Nəticə etibarilə bu məqsədlərə xidmət edən çox uğurlu layihələrin həyata keçirildiyini görürük. Onların sırasında Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və dəmir yolu layihələrinin tamamlanmaq üzrə olması, bu infrastrukturun səmərəli əlaqələndirilməsi üçün yük terminallarının, gömrük xidmətlərinin və digər zəruri infrastrukturun qurulması xüsusi əhəmiyyət daşıyır.

– Kənd təsərrüfatı sahəsində hansı işlər görülür? 

– Biz burada heyvandarlıq, taxılçılıq və yem bitkilərinin yetişdirilməsi və kənd təsərrüfatı məhsullarının emalı sahələrində çox ciddi nailiyyətlərin olduğunu görürük. Dost Aqroparkın yaradılması bu layihələrdən biridir və burada heyvandarlıqla yanaşı ət emalı, qablaşdırma, toxumçuluq və digər istehsal sahələrinin yaradılması da nəzərdə tutulur. Bunu mən Zəngilana səfərim zamanı gördüm. Dost Aqroparkın bu istiqamətdə gördüyü işlərlə yaxından tanış oldum, eyni zamanda digər istehsal sahələrinin yaradıldığının da əyani şahidi oldum.

– Bəs, yaşıl enerji və müasir yaşayış infrastrukturu ilə bağlı vəziyyət necədir?

– Zəngilanda yaşıl enerji və müasir yaşayış infrastrukturu ilə bağlı geniş işlər görülür. Bu, dövlətin müəyyən etdiyi inkişaf strategiyasının günün tələblərindən irəli gələrək, müasir dövrün çağırışlarına uyğun qurulduğunu göstərir. Xüsusilə su-elektrik stansiyalarının inşa edilməsi, rəqəmsal elektrik infrastrukturunun yaradılması, müasir yaşayış məntəqələrinin ağıllı kənd və ağıllı şəhər konsepsiyasına uyğun qurulması turizm və xidmət sahələrinin inkişafı üçün də çox əlverişli şərait yaradır. 

– Ümumilikdə Zəngilanın gələcək perspektivini necə görürsünüz?

– Zəngilanın iqtisadi potensialı və strateji əhəmiyyəti barədə çox danışmaq olar, çünki burada gündəlik həyatımızın müxtəlif sahələrini əhatə edən istiqamətlərdə çox ciddi dövlət layihələri həyata keçirilməkdədir. Bu da Zəngilanın coğrafi mövqeyi ilə şərtlənir, eyni zamanda iqtisadi potensialının yüksək olması ilə üst-üstə düşür. Zəngilanda iqtisadiyyatın ayrı-ayrı sahələri, nəqliyyat, logistika sahələri, eyni zamanda təhlükəsizlik məsələləri də ön plana çəkilməlidir. Çünki söhbət dövlət sərhədinin mühafizəsi və bununla bağlı çox vacib fəaliyyətləri özündə ehtiva edən işlərdən gedir. 

Uzunmüddətli perspektivdə Zəngilanın regional nəqliyyat-logistika mərkəzi, aqrar emal və ixrac məkanı, eləcə də sərhədyanı iqtisadi əməkdaşlıq platforması kimi formalaşması mümkündür. Bu istiqamətdə həyata keçirilən inkişaf strategiyasında bu məqamlara xüsusi diqqət yetirilir. Bu bölgənin həm rəqabətqabiliyyətli xidmətlərə, məhsuldar istehsala, investisiyalara və yerli əhalinin rifahına çevrilməsi üçün bütün əlverişli şərait var. Bununla bağlı hökumətin çox ciddi siyasi iradə nümayiş etdirməsi ondan xəbər verir ki, Zəngilanda həyata keçirilən bərpa-quruculuq işləri işğaldan azad olunmuş digər ərazilərimizdə həyata keçirilən yenidənqurma işlərinin tərkib hissəsidir. Ölkəmizin beşdə bir hissəsinin artıq ölkənin iqtisadi həyatına tam inteqrasiya olunması üçün çox ciddi nailiyyətlərin əldə olunmasına şahidlik edirik. Bu isə olduqca əlamətdar və qürurvericidir.  

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR