“Azərbaycan dövləti bütün təxribatların qarşısını alacaq və təxribatçılar layiq olduğu cəzanı alacaqlar”.
Bunu Bakıvaxtı.az-a müsahibəsində politoloq Natiq Miri deyib.
Politoloq müsahibəsində məktəblərdə vahid geyim forması və baş örtüyü mövzusu ətrafında yaranan ajiotajın mümkün təsirlərinə toxunub.
Müsahibəni təqdim edirik:
- Son vaxtlar Türkiyədən bəzi dairələrin, o cümlədən AKP rəhbərliyində təmsil olunan şəxslərin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər böyük rezonans doğurub. Xüsusilə məktəblərdə vahid geyim forması və baş örtüyü mövzusu ətrafında müəyyən ittihamlar irəli sürülür. Bu proseslərin pərdəarxasında nə dayanır?
- Bu qüvvələr hər zaman mövcud olub və onların adı din alverçiləridir. İslam pərdəsi altında fəaliyyət göstərməklə müxtəlif dövlətlərin xüsusi xidmət orqanlarına xidmət edirlər. Harada təriqət və məzhəbçilik varsa, əmin olun ki, orada ya ingilis, ya da yəhudi barmağı var. Bu qüvvələr tarixən təsir aləti kimi istifadə olunub, bu gün də aktiv dövrədədirlər.
Çox təəssüf ki, bu cür təriqət və məzhəb təfəkkürünə sahib insancıqlar hazırkı AKP hakimiyyətində də müəyyən postlar tuturlar. Rəcəb Tayyib Ərdoğanın baş müşavirinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər birbaşa dövləti və cəmiyyəti ittiham edən, həddini aşan açıqlamadır. Hansı ki, bu baş müşavirin həqiqətdən elementar anlayışı belə yoxdur.
- Məlum qüvvələr geyim məsələsini, xüsusən baş örtüyünü əxlaq və mənəviyyat göstəricisi kimi qələmə verməyə çalışırlar. Bu yanaşma nə dərəcədə doğrudur?
- Əvvəla, baş örtüyü anlayışı heç vaxt əxlaqın yeganə ölçüsü olmayıb və ola da bilməz. Əgər əxlaqın ölçüsü olsaydı, Rəcəb Tayyib Ərdoğanın partiya üzrə müavini, başı örtülü Fatimə Betül Sayan cəmiyyətə örnək göstərilən bir model olduğu halda, Türkiyə birjasında və müəyyən fondlarda apardığı manipulyasiyalarla son bir neçə həftədə necə 2,2 milyard lirə "qazanc" əldə edə bilərdi? Hakimiyyət daxilindəki gizli məlumatlara çıxışı olan şəxslərin bu yolla qanunsuz qazanc əldə etməsinə göz yumulursa, onda bu "baş örtüyü əxlaqıdır" deyənlər bunu hara qoyurlar?!
- Natiq bəy, Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqi də bu dairələr tərəfindən hədəf alınır. Məktəblərdəki bu nizamın əsl sosial və psixoloji mahiyyəti nədir?
- Məktəb ailədən sonra uşağın cəmiyyətə atıldığı ilk məkandır, elm və təhsil ocağıdır. Elm ocağında hər şey nizamlı və intizamlı olmalıdır, geyim də bu ahəngə uyğun gəlməlidir. Bu gün məktəbdə milyoner balası ilə gündəlik ağır zəhmətlə çörək qazanan fəhlə övladının geyimində fərq olmamalıdır. Çünki uşaqlar geyimlərini müqayisə edəndə ciddi psixoloji travmalar alırlar. Azərbaycan dövləti geyimləri nizam-intizamlı vahid formaya salmaqla sosial bərabərliyi təmin edib. Eyni geyimdə olan uşaqların hansı təbəqəyə aid olduğunu necə ayıra bilərsiniz? Geyim şəxsiyyətin təqdimatıdır.
İkincisi, əgər din pərdəsi altında müstəsna imtiyaz istəyənlərin dediyi ilə hərəkət etsək, sabah cəmiyyətin qəbul etmədiyi azsaylı qruplar, məsələn, radikal feministlər də çıxıb məktəbə öz istədikləri formada, hətta uyğunsuz geyimdə gəlmək azadlığı tələb edəcəklər.
- Dini baxımdan məsələyə yanaşsaq, Qurani-Kərimdə bu cür qadağalar və ya geyim tələbləri necə əks olunub?
- Azərbaycanı ittiham edənlər gedib Quranı yenidən oxusunlar. Lakin sadəcə kitab kimi deyil, anlayaraq və həyatlarına tətbiq edərək... Quranı oxuyub anlamadıqca, sadəcə kitab olaraq qalacaq. Azərbaycanı ittiham edənlər Quranda saçın örtülməsini açıq şəkildə əmr edən tək bir ayə göstərə bilərlərmi? Belə bir əmr yoxdur və ola da bilməz. Allahın və Quranın insanın geyimi və yedikləri ilə işi yoxdur. Quranın hədəfi insan şüurudur, kamil insan yetişdirməkdir. Bunun ən bariz modeli də Məhəmməd Peyğəmbərdir (s.ə.s).
Qurandakı "örtün" xəbərdarlığı baş örtüyü deyil, həqiqəti anlamayan, əhli olmayan insanlara dərin mənəvi həqiqətləri açmamaq barədə xəbərdarlıqdır. Vaxtilə Nəsiminin dərisini diri-diri soyanlar, Hallac Mənsurun boğazına ip salanlar da özlərini müsəlman adlandıran qazılar idi. Niyə? Çünki onlar "Haqq mənəm" deyən mütəfəkkirləri anlamaq imkanından məhrum idilər. Bu gün də həmin qaragüruh zehniyyəti 1400 il keçməsinə baxmayaraq, yenidən xortlayıb və insanları qara çadırlara bükmək istəyir. Bunların dediklərinin nə İslamda, nə də Quranda əsası var. Müaviyə dönəmindən sonra uydurulmuş bir din modeli ortaya qoyuldu və toplumlar bunun əsirinə çevrildi. Artıq gerçəkləri söyləmək zamanıdır.
- Sizcə, bu iddiaların arxasında dayanan əsl siyasi məqsəd nədir? Türkiyə-Azərbaycan münasibətlərinə bunun nə kimi təsiri ola bilər?
- Bunların hamısı Azərbaycana təzyiq etmək üçün bəhanədir. Məqsəd həm də Azərbaycandakı radikal qüvvələri siyasi konsolidasiya etməkdir. Lakin bu, Azərbaycanda keçməyəcək. Azərbaycanda hər zaman qadın kişinin baş tacı olub. Özünü "İslam dövləti" adlandıran heç bir respublikada qadın türklərdə olduğu kimi uca tutulmayıb. Azərbaycanı ittiham edənlərin mənşəyinə baxın.Görəsən onların içində bir nəfər türk var? Qoy çıxsınlar efirə, "Nə mutlu Türkəm deyənə!" şüarını səsləndirsinlər, görək deyə bilərlərmi? Onlar Osmanlı torunu olmaqla fəxr edirlər. Birinci Dünya Müharibəsində Osmanlı məğlub olub qaçdı, amma Anadoluda Türklərin atası Mustafa Kamal Atatürk ortaya çıxdı, bütün türkləri ayağa qaldıraraq qalib gəldi. Türk olmayan bu kəsimlər son əsrlərdə türklüklə əlaqəsi qalmayan Osmanlı ilə fəxr etdikləri halda, türk torunu olmaqları ilə fəxr edə bilmirlər.
- Bu cür təxribat xarakterli çıxışlar Azərbaycanda daxili sabitsizlik yarada bilərmi və Türkiyə hakimiyyəti bu vəziyyətdə nə etməlidir?
- Azərbaycan sıradan, zəif və kənardan idarə olunan dövlət deyil ki, beş-on çapqınçı ortalığa çıxıb yalançı hay-küy etməklə, sosial-siyasi böhran yaratsın. Azərbaycan dövləti bütün təxribatların qarşısını alacaq və təxribatçılar layiq olduğu cəzanı alacaqlar. Lakin AKP hakimiyyətinə yaraşan odur ki, bu cür özbaşına, İslamı gözdən salan qara qrupların davranışlarının qarşısını alsın. Azərbaycan ictimaiyyətinin Türkiyə hakimiyyətindən gözləntisi budur. Çünki bu hadisələrin əsas hədəfi Azərbaycan-Türkiyə birliyidir, hətta bütövlükdə Türk Dövlətləri Təşkilatının gələcəyidir.
Azərbaycana yönələn bu ittihamlar Türküstanda da qəbul olunmayacaq, çünki bu birliyin lokomotivi Azərbaycan dövlətidir. Türkiyədəki müəyyən təriqət və məzhəbçi şəbəkələrin bu əməlləri Türkiyənin Türküstandakı nüfuzuna da zərbə vurur. Bir çox xarici güc mərkəzləri bu birlikdən narahatdır və baş örtüyü məsələsini sadəcə bəhanə kimi istifadə edirlər. Ona görə də həm Azərbaycanda, həm Türkiyədə hər kəs təmkinli olmalı, bu qardaşlıq münasibətlərinin korlanmasına imkan verməməlidir.
Gülşən Şərif










