Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğızıstanda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, həmçinin MDB Katibliyinin nümayəndələri iştirak ediblər.
İclasdan əvvəl müdafiə nazirləri İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyaraq qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Daha sonra müdafiə qurumlarının rəhbərləri şəhər mühitinin abadlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və regionun təbii irsinin qorunması məqsədilə ağaclar əkiblər. Tədbir çərçivəsində dövlət bayraqları önündə rəsmi xatirə fotosu da çəkdirilib.
İclasda kollektiv təhlükəsizliyin təmin edilməsi, orduların əməliyyat və döyüş hazırlığının təşkili, mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsində pilotsuz sistemlərin və robototexnika komplekslərinin praktiki tətbiqi məsələləri müzakirə olunub.
Bununla yanaşı, hücum və müdafiə əməliyyatlarında pilotsuz uçuş aparatlarından istifadə, ordu idmanı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və yarışların təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclasın yekununda 2026-cı il ərzində görülmüş işlərin nəticələrinə dair sənədlər və MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 2027-ci il üçün İş Planı imzalanıb.
















