Maliyyə nazirinin I müavini Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Tailandın paytaxtı Banqkokda keçirilən Beynəlxalq Valyuta Fondunun (IMF) və Dünya Bankı Qrupunun İllik Toplantılarında iştirak edir.
Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin plenar iclasda və digər tədbirlərdə iştirakı, həmçinin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Toplantılar çərçivəsində geosiyasi gərginliklərin və Yaxın Şərqdə davam edən müharibənin qlobal iqtisadiyyata təsiri, dünya iqtisadiyyatının inkişaf perspektivləri, beynəlxalq maliyyə bazarlarının mövcud vəziyyəti, qlobal dövlət borcunun artması və borc dayanıqlığı ilə bağlı risklər, enerji qiymətlərinin inflyasiyaya təsiri, eləcə də qlobal maliyyə sabitliyinin qorunması məsələləri müzakirə olunacaq.
Bununla yanaşı, süni intellektin iqtisadiyyata və məşğulluğa təsiri, investisiya və inkişaf layihələrinin maliyyələşdirilməsi üçün özəl kapitalın səfərbər edilməsi, infrastrukturun inkişafı, eləcə də iqtisadi artımın və yeni iş yerlərinin yaradılmasının təşviqi məsələləri də Toplantıların əsas müzakirə istiqamətləri sırasındadır.
Toplantılar oktyabrın 12-də başlayıb və oktyabrın 18-nə qədər davam edəcək.
















