q
  • Bakı 22° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Zelenskinin sərt xəbərdarlığı: Ukrayna müharibəsində yeni eskalasiya riski

DÜNYA

12 May 2026 | 10:28

Zelenskinin sərt xəbərdarlığı: Ukrayna müharibəsində yeni eskalasiya riski

Ukrayna Prezidenti Volodimir Zelenski son açıqlamasında bildirib ki, əgər Ukrayna tammiqyaslı zərbələrə məruz qalarsa, Rusiya sarsıdıcı cavab alacaq.  Onun sözlərinə görə, hazırda tərəflər uzaqmənzilli silahlardan istifadə etməyib, lakin bu vəziyyət Rusiyanın davranışından asılı olaraq dəyişə bilər.

Bu açıqlama müharibənin növbəti mərhələsi ilə bağlı ciddi suallar doğurur. Çünki söhbət artıq təkcə cəbhə xəttindəki toqquşmalardan deyil, Rusiya və Ukrayna arasında daha genişmiqyaslı raket, dron və uzaqmənzilli zərbələr ehtimalından gedir. Zelenskinin mesajı həm Moskvaya xəbərdarlıq, həm də Qərb ölkələrinə siyasi siqnal kimi qiymətləndirilir. Kiyev göstərmək istəyir ki, Ukrayna yalnız müdafiə mövqeyində dayanmaq niyyətində deyil və Rusiyanın kütləvi hücumlarına cavab vermək imkanına malikdir.

Bu məsələ həm də NATO və Avropa təhlükəsizliyi baxımından aktualdır. Əgər Rusiya Ukraynaya qarşı daha ağır və genişmiqyaslı hücumlara başlasa, bunun nəticələri yalnız Ukrayna ərazisi ilə məhdudlaşmayacaq. Qara dəniz regionu, Şərqi Avropa, enerji infrastrukturu, ərzaq təhlükəsizliyi və NATO-nun şərq cinahı daha həssas vəziyyətə düşə bilər. Bu kontekstdə Zelenskinin açıqlaması Qərbə ünvanlanan bir xəbərdarlıq kimi də oxunur: Ukraynaya dəstək zəifləyərsə, müharibənin yükü və riski bütün Avropa üçün daha ağır olacaq.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Zelenskinin bu açıqlaması ilk növbədə çəkindirmə məqsədi daşıyır. O, Rusiyaya göstərmək istəyir ki, Ukraynaya qarşı genişmiqyaslı hücumlar cavabsız qalmayacaq:

“Bu, həm də Ukrayna cəmiyyətinə verilən psixoloji mesajdır ki, dövlət müdafiə imkanlarını qoruyur və geri çəkilmək niyyətində deyil”.

Müsahibimiz qeyd edib ki, digər tərəfdən, Zelenski bu bəyanatla müharibənin nəzarətsiz şəkildə genişlənməsini istəmədiyini də göstərir. Çünki o, hazırda tərəflərin uzaqmənzilli silahlardan istifadə etmədiyini xüsusi vurğulayır. Bu isə o deməkdir ki, Kiyev cavab zərbəsini mümkün variant kimi saxlayır, amma onu Rusiyanın növbəti addımlarından asılı edir.

Politoloq bildirib ki, bu açıqlama Qərbə ünvanlanan çox ciddi siyasi mesajdır. Onun sözlərinə görə, Zelenski demək istəyir ki, Ukrayna müqavimətini davam etdirir, amma bunun üçün daha güclü hərbi, texnoloji və hava hücumundan müdafiə dəstəyinə ehtiyac var:

“NATO ölkələri üçün bu mesaj həm də xəbərdarlıqdır ki, Ukraynanın zəifləməsi Rusiyanın daha aqressiv davranmasına yol aça bilər. Kiyev Qərbə göstərir ki, müharibə yalnız Ukraynanın problemi deyil, Avropanın ümumi təhlükəsizlik məsələsidir. Əgər Rusiya genişmiqyaslı hücumlara keçsə, bu, NATO-nun şərq cinahında da gərginliyi artıracaq”.

Züriyə Qarayeva: Kiyev Qərbə göstərir ki, müharibə Avropanın da ümumi təhlükəsizlik məsələsidir

Həmsöhbətimiz hesab edir ki, ona görə Zelenskinin açıqlaması Qərbdən daha ardıcıl, daha çevik və daha qətiyyətli dəstək tələb edən diplomatik siqnal kimi qəbul olunmalıdır.

Rusiya və Ukrayna arasında mümkün genişmiqyaslı hücum riskinin region təhlükəsizliyinə təsirinə gəlincə, Z.Qarayevanın dediyinə görə, genişmiqyaslı hücum riski regionda təhlükəsizlik balansını daha da kövrək hala gətirə bilər. Əgər Rusiya kütləvi raket və dron zərbələrini artırarsa, Ukrayna da daha sərt cavab verməyə çalışacaq. Bu isə müharibənin coğrafiyasının genişlənməsi ehtimalını artırır. Qara dəniz hövzəsi, Polşa, Rumıniya, Baltik ölkələri və NATO-nun şərq sərhədləri daha həssas vəziyyətə düşə bilər. Enerji obyektləri, limanlar, nəqliyyat dəhlizləri və taxıl ixracı marşrutları da risk altında qala bilər. Belə bir ssenari yalnız hərbi deyil, həm də iqtisadi, humanitar və siyasi böhranları dərinləşdirə bilər.

“Bu mərhələdə müharibənin genişlənməsinin qarşısını almaq üçün hansı addımlar daha vacib görünür” sualını cavablandıran politoloq bildirib ki, ilk növbədə, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi vacibdir. Çünki kütləvi raket və dron hücumlarının qarşısını almaq müharibənin daha təhlükəli mərhələyə keçməsini müəyyən qədər ləngidə bilər:

“İkinci mühüm məsələ Qərbin Ukraynaya dəstəyində siyasi tərəddüdlərin azalmasıdır. Rusiya qarşı tərəfdə zəiflik və parçalanma gördükcə daha sərt addımlara meyllənə bilər. Eyni zamanda diplomatik kanallar tamamilə bağlanmamalıdır, çünki hərbi eskalasiya nə qədər artsa da, danışıqlar üçün minimal imkanların saxlanılması vacibdir. Bu mərhələdə əsas məsələ odur ki, Rusiya genişmiqyaslı hücumun qiymətinin çox ağır olacağını görsün və Ukrayna da öz müdafiə qabiliyyətini real şəkildə qoruyub saxlaya bilsin”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

11 May 2026