Pakistanın Xayber-Paxtunxva əyalətində polis postuna Əfqanıstanda məskunlaşan terrorçular hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu məlumat Pakistan Xarici İşlər Nazirliyinin (XİN) Əfqanıstanın müvəqqəti işlər vəkilinə sərt demarşın təqdim olunması barədə bəyanatında yer alıb.
"Əfqanıstanın müvəqqəti işlər vəkili 9 may 2026-cı il tarixində Xayber-Paxtunxvanın Bannu rayonundakı Fateh-Xel polis məntəqəsinə "Fitnə-əl-Xəvaric" terrorçuları tərəfindən avtomobilə quraşdırılmış əldəqayırma partlayıcı qurğu vasitəsilə həyata keçirilən qorxaq hücumla bağlı sərt demarş təqdim etmək üçün bu gün XİN-ə çağırılıb. Hücum nəticəsində 15 polis əməkdaşı şəhid olub, biri mülki vətəndaş olmaqla dörd nəfər isə yaralanıb". – bəyanatda bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı aparılan ətraflı araşdırma, toplanmış sübutlar və texniki kəşfiyyat məlumatları hücumun Əfqanıstanda məskunlaşan terrorçular tərəfindən təşkil edildiyini göstərir:
"Əfqanıstan ərazisindən Pakistana qarşı terror hücumları üçün davamlı olaraq istifadə edilməsi ilə bağlı Pakistanın ciddi narahatlığı bir daha vurğulanaraq, bu vəhşi aktı törədənlərə qarşı qətiyyətli cavab vermək hüququnu Pakistanın özündə saxladığı Əfqanıstan tərəfinin nəzərinə qəti şəkildə çatdırılıb".
O da vurğulanıb ki, müxtəlif terror təşkilatlarının Əfqanıstan ərazisində mövcudluğunu davam etdirməsi və onların fəaliyyətinə imkan verən əlverişli mühit BMT-nin Monitorinq Qrupunun və digər beynəlxalq təşkilatların hesabatlarında ətraflı şəkildə sənədləşdirilib.
"Terrorla mübarizə ümumi məqsəddir və Əfqanıstan "Taliban"ı öz ərazisindən digər ölkələrə qarşı terror məqsədilə istifadə olunmasına yol verməmək barədə öhdəliyinə əməl etməlidir", - bəyanatda qabardılıb.
Həmçinin dost ölkələrin vasitəçiliyi ilə "Taliban" ilə konstruktiv dialoq aparıldığı xatırlanıb: "Lakin Əfqanıstan "Taliban"ı bu terrorçu qruplaşmalara qarşı ciddi və yoxlanıla bilən tədbirlər görmək üçün öhdəlik götürməkdə və ya bunu həyata keçirməkdə davamlı olaraq uğursuz olub.
Əfqanıstandakı rejimə bildirilib ki, əgər terror təşkilatlarına sığınacaq verməyə davam edərlərsə, Pakistan öz milli təhlükəsizliyi, eləcə də vətəndaşlarının təhlükəsizliyi məsələsində heç bir güzəştə getməyəcək".
Bakı 




