Dünyaşöhrətli müğənni Cennifer Lopezlə keçmiş həyat yoldaşı, hollivud ulduzu Ben Afflekin birgə sahib olduqları Beverli Hillzdəki dəbdəbəli malikanə yenidən satışa çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, “Bennifer” cütlüyünün ayrılmasından sonra satışa çıxarılan əmlak uzun müddət alıcı tapmadığı üçün qiymətində ciddi endirim edilib.
Məlumata görə, cütlüyün 2023-cü ilin mayında təxminən 60,9 milyon dollara aldığı malikanənin hazırkı satış qiyməti 49,9 milyon dollardır.
Əmlak əvvəlcə 68 milyon dollara satışa çıxarılsa da, sonradan bir neçə dəfə qiyməti aşağı salınıb. Beləliklə, malikanənin dəyərində təxminən 20 milyon dollarlıq endirim edilib.
İddialara görə, ötən ilin aprel ayında Ben Afflek evlə bağlı bütün hüquqlarını heç bir ödəniş tələb etmədən Cennifer Lopezə təhvil verib. Bundan sonra yayımlanan yeni fotolarda malikanədəki şəxsi əşyaların toplandığı və Lopezə məxsus böyük geyim otağının tamamilə boşaldığı diqqət çəkib.
Təxminən 5 akr (1 kr 0,4 hektara bərabərdir – red.) ərazidə yerləşən lüks mülkdə 12 yataq otağı, 24 vanna otağı, qapalı idman kompleksi, basketbol və tennis meydançaları, boks rinqi və peşəkar idman zalı mövcuddur.
Daşınmaz əmlak bazarında böyük maraq doğuran malikanənin bu dəfə alıcı tapıb-tapmayacağı isə hələlik məlum deyil.
Bakı 




