“Türk Hava Yolları”na məxsus İstanbul-Katmandu reysini həyata keçirən sərnişin təyyarəsində enişdən sonra insident baş verib.
Bakıvaxtı.az-ın xəbərinə görə, təyyarənin eniş şassisində yaranan nasazlıq səbəbindən qısa müddət ərzində alov müşahidə olunub.
Hadisə Katmandu hava limanında qeydə alınıb. TK726 saylı reysi həyata keçirən təyyarə uçuş-enmə zolağına endikdən sonra eniş şassisindən tüstü və alov qalxdığı bildirilib.
Nepal Mülki Aviasiya İdarəsinin açıqlamasına görə, təyyarədə olan 277 sərnişin və 11 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
İlkin məlumata əsasən, problem hidravlik sistemdə yaranan texniki nasazlıqdan qaynaqlanıb.
İnsidentdən sonra Katmandu hava limanının yeganə uçuş-enmə zolağı təxminən iki saat müddətinə bağlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Katmandu hava limanında daha əvvəl də oxşar hadisələr qeydə alınıb. 2015-ci ildə eyni reysi həyata keçirən THY təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxmışdı.
Bakı 




