15 may 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusunda keçirilən qeyri-rəsmi iclasında iştirak və çıxış edib.
XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov çıxışı zamanı regional və beynəlxalq təhlükəsizlik mühitinin həssas olaraq qaldığını, artan geosiyasi qeyri-müəyyənliklər, davam edən münaqişələr, hibrid təhdidlər, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların Türk dövlətləri arasında daha sıx həmrəylik və koordinasiya tələb etdiyini bildirib.
Bu məqsədlə təhlükəsizlik, nəqliyyat, enerji dayanıqlılığı, kibertəhlükəsizlik və digər strateji sahələr üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, Orta Dəhlizin və Türk dünyası vasitəsilə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb bağlantı layihələrinin strateji əhəmiyyəti qeyd edilib.
Nazir çıxışında “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusunun aktuallığını qeyd edərək, süni intellekt texnologiyalarının iqtisadiyyat, dövlət idarəçiliyi, təhsil, səhiyyə və təhlükəsizlik sahələrində sürətli transformasiya yaratdığını bildirib. Eyni zamanda, kibertəhlükəsizlik, məlumatların qorunması, dezinformasiya və texnoloji bərabərsizlik kimi çağırışların diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Azərbaycanın rəqəmsal transformasiya və innovasiya əsaslı inkişaf siyasətinə xüsusi önəm verdiyi, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə Tədbirlər Planı”nın bu istiqamətdə mühüm əhəmiyyət daşıdığı bildirilib.
Ölkəmizin “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Avropa ilə Asiya arasında rəqəmsal bağlantının gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb. Bu kontekstdə Trans-Xəzər fiber-optik kabel layihəsinin strateji əhəmiyyəti qeyd edilib.
Türk dövlətləri üçün rəqəmsal transformasiyanın uzunmüddətli əməkdaşlıq gündəliyinin əsas istiqamətlərindən biri olduğu qeyd edilərək, rəqəmsal infrastrukturun gücləndirilməsi, süni intellekt və qabaqcıl texnologiyalar sahəsində birgə tədqiqat və innovasiya əməkdaşlığının inkişaf etdirilməsi, insan kapitalına və rəqəmsal bacarıqlara investisiyaların artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində süni intellekt sahəsində əməkdaşlıq üzrə hüquqi baza yaradılması təşəbbüsü ilə çıxış etdiyi bildirilməklə yanaşı, Təşkilatın Katibliyinin institusional və rəqəmsal imkanlarının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirdiyi yenidənqurma işləri barədə məlumat verilib, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanın innovativ və dayanıqlı şəhərsalma sahəsində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qəbulunun göstəricisi olduğu qeyd edilib.
Sonda iclas zamanı aparılacaq müzakirələrin Türk dövlətləri arasında həmrəyliyin, koordinasiyanın və tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
***
15:18
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir artan geosiyasi qeyri-müəyyənliklər, hibrid təhdidlər, qlobal təhlükəsizlik və inteqrasiya çağırışları fonunda türk dövlətləri arasında həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Orta Dəhlizin strateji rolu, rəqəmsal bağlantı, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, süni intellekt əsaslı innovasiyalar, eləcə də Transxəzər fiber-optik kabel təşəbbüsünü əhatə edən "Rəqəmsal İpək Yolu" layihəsi xüsusi qeyd olunub.
Nazir həmçinin həmkarlarını Azərbaycanın 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı" yenidənqurma işləri barədə məlumatlandırıb.
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanın dayanıqlı şəhərsalma baxışının göstəricisi olduğu vurğulanıb.
Həmçinin Azərbaycanın süni intellekt və yeni texnologiyalar sahəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına və rəqəmsal transformasiyaya sadiqliyi bir daha təsdiqlənib.
***
14:40
Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, iclas Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində baş tutur.
Bakı 




