Azərbaycan tikinti və şəhərsalma fəaliyyətində təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşır.
Bakıvaxtı.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda keçirilən konfransda deyib.
Nazir müavini bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı və regionlarda genişmiqyaslı quruculuq işləri həyata keçirilib, müasir şəhərsalma prinsipləri tətbiq olunub. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə də yenidənqurma prosesi sürətlə davam edir və həmin ərazilər dünyanın ən gözəl məkanlarından birinə çevrilir.
C.Xanlarov qeyd edib ki, urbanizasiya prosesinin genişlənməsi, çoxmərtəbəli binaların və yeni yaşayış massivlərinin artması şəhərsalmada seysmik risklərin daha dərindən qiymətləndirilməsini zəruri edir. O vurğulayıb ki, müasir şəhərlər yalnız estetik baxımdan deyil, həm də təhlükəsizlik və dayanıqlılıq baxımından yüksək standartlara cavab verməlidir:
“Seysmik təhlükənin qiymətləndirilməsi artıq yalnız elmi məsələ deyil, dövlət təhlükəsizliyi, iqtisadi inkişaf və əhalinin rifahı ilə birbaşa bağlı strateji istiqamətə çevrilib. O bildirib ki, bu sahədə beynəlxalq standartların tətbiqi, innovativ yanaşmalar və region ölkələri arasında informasiya mübadiləsinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır”.
C.Xanlarovun sözlərinə görə, hazırda Bakı şəhəri və Abşeron yarımadası üzrə seysmik mikrorayonlaşdırma işləri həyata keçirilir və bu istiqamətdə aidiyyəti qurumlarla birgə fəaliyyət davam etdirilir.
Zeynəb Rzayeva
Bakı 




