Son həftələrdə diqqət mərkəzinə düşən Hantavirus epidemiyasının gələcək inkişafı ilə bağlı mütəxəssislər üç əsas ssenari üzərində dayanırlar.
Bakıvaxtı.az xəbər verir ki, hazırda alimlər ehtiyatlı nikbinlik nümayiş etdirsələr də, virusun necə davranacağı hələ tam məlum deyil.
Birinci ssenari epidemiyanın tezliklə nəzarət altına alınması ilə bağlıdır.
Ən optimist ehtimala görə, yoluxma halları yalnız artıq müəyyən edilmiş şəxslərlə məhdudlaşacaq və yeni zəncirlər yaranmayacaq. Hazırda təmasda olmuş şəxslərin izlənməsi və izolyasiya tədbirləri bir çox ölkədə gücləndirilib. Əgər virusun insandan insana ötürülməsi məhdud səviyyədə qalarsa, epidemiya bir neçə həftə ərzində səngiyə bilər.
İkinci ssenari ondan ibarətdir ki, sporadik yeni yoluxmalar davam edə bilər. Çünki ekspertlər hesab edirlər ki, virus müxtəlif ölkələrə səpələnmiş şəxslər vasitəsilə zaman-zaman yeni hallara səbəb ola bilər. Bu halda lokal ocaqlar yaransa da, genişmiqyaslı pandemiya ehtimalı aşağı sayılır. Bununla belə, səhiyyə sistemləri ayıq-sayıq qalmalıdır.
Üçüncü ssenariyə gəlincə, bu virusun daha geniş yayılması ilə bağlıdır.
Ən narahatedici ehtimal virusun insandan insana ötürülməsinin gözlənildiyindən daha güclü olmasıdır. Belə olarsa, daha çox ölkədə yoluxmalar arta və beynəlxalq səhiyyə orqanları fövqəladə tədbirlər görməyə məcbur qala bilər. Lakin mütəxəssislər bildirirlər ki, hazırkı məlumatlar bu ssenarinin əsas ehtimal olmadığını göstərir.
Təhlillərə görə, indiyədək bir neçə ölüm qeydə alınıb və onlarla insan müşahidə altındadır. Alimlər vurğulayırlar ki, növbəti həftələr virusun real təhlükə səviyyəsini müəyyən etmək üçün həlledici olacaq.
Aydın Baxış
Bakı 




