Xəzərdə apreldə qeydə alınan güclü zəlzələdən sonra seysmik aktivlik hələ də müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, aprelin 8-də Xəzərdə baş vermiş 5.1 maqnitudalı zəlzələdən sonra afterşoklar davam edir. Q.Yetirmişli qeyd edib ki, həmin zəlzələdən sonra ərazidə 200-dən çox yeraltı təkan qeydə alınıb.
Professorun sözlərinə görə, bu tip güclü zəlzələlərdən sonra ocaqda enerji boşalmaları davam etdiyi üçün təkrar təkanların baş verməsi normal seysmik proses hesab olunur. O vurğulayıb ki, həmin afterşokların əksəriyyəti insanlar tərəfindən hiss edilmir.
Q.Yetirmişli əlavə edib ki, hazırda seysmik vəziyyət xüsusi nəzarətdə saxlanılır və müşahidələr davam etdirilir.
Zeynəb Rzayeva
Bakı 




