Alimlər üç ay ərzində hər gün tomat pastası istehlakının sağlam insanlarda bəzi idrak funksiyalarını yaxşılaşdıra biləcəyini müəyyən ediblər.
Bakıvaxtı.az xəbər verir ki, “Antioxidants” jurnalında dərc olunan araşdırmada pomidorun tərkibindəki təbii antioksidant piqment – likopenin beyin fəaliyyətinə mümkün təsiri araşdırılıb. Likopenin ürək-damar sistemi üçün də faydalı olduğu hesab edilir.
Barselona Universitetindən Rikardo Lopes-Solisin rəhbərlik etdiyi tədqiqat çərçivəsində iştirakçılara hər gün 35 qram tomat pastası verilib. Araşdırmada 42 nəfər koqnitiv testlərdən keçib, 14 iştirakçının beyin fəaliyyəti isə funksional MRT vasitəsilə qiymətləndirilib.
Tədqiqatın nəticələrinə görə, “pomidor” mərhələsindən sonra iştirakçıların qanında likopen səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, selektiv diqqətin və obyektlər arasındakı əlaqələri yadda saxlamaq qabiliyyətinin yaxşılaşdığı müəyyən edilib.
Beyin görüntüləmələri də bir sıra böyük neyron şəbəkələri arasında funksional əlaqələrin dəyişdiyini göstərib. Alimlər bunun likopenlə zəngin qidalanmanın müəyyən idrak funksiyalarını dəstəkləyə biləcəyinə işarə etdiyini bildirirlər.
Bununla belə, tədqiqatın müəllifləri nəticələrin ehtiyatla qiymətləndirilməli olduğunu vurğulayıblar. Araşdırma kor üsulla aparılmayıb və iştirakçılar hansı qidanı qəbul etdiklərini biliblər. Bu səbəbdən plasebo effektinin nəticələrə təsiri istisna edilmir. Bundan əlavə, beyin görüntüləməsi üzrə iştirakçıların sayının az olması statistik nəticələrin gücünü məhdudlaşdırır.
Alimlərin fikrincə, daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac var. Bununla yanaşı, nəticələr tərəvəz və antioksidantlarla zəngin qidalanmanın beyin sağlamlığı ilə əlaqəsini araşdıran digər elmi işlərin nəticələri ilə də uyğunluq təşkil edir.
Qeyd edək ki, likopen bişmiş pomidor məhsullarından, o cümlədən tomat pastası və souslardan, təzə pomidorla müqayisədə daha yaxşı mənimsənilə bilər.
















