Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin çəkiliş qrupuna hücum edilib.
Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 28-də məktəbin 7-ci sinif şagirdi olan qızın dərs zamanı pəncərədən yıxılması ilə bağlı telekanalın əməkdaşları hadisə yerinə gediblər.
Telekanalın yaydığı məlumata görə, məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib. Hadisə nəticəsində telekanalın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
REAL TV-nin əməkdaşları dərhal Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə məlumat veriblər. Hadisənin operativ şəkildə nəzarətə götürüldüyü, mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslər barəsində məsuliyyət tədbirlərinin görüldüyü bildirilib.
Zeynəb Rzayeva
















