ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin həm Moskvada, həm də Kiyevdə keçirdiyi qapalı görüşlərdən sonra müharibənin gedişində hansı konkret ssenarilərin reallaşacağı cəmiyyətdə maraq doğurur.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Stiv Uitkoff və Cared Kuşnerin həm Rusiya, həm də Ukrayna səfəri təsadüfi deyil:
“Aydın məsələdir ki, ABŞ ilə İran arasında gərginlik davam edir və payız aylarında hərbi əməliyyatların yenidən bərpa ediləcəyi, hətta daha intensiv hal alacağına dair ciddi proqnozlar var. Düşünürəm ki, İrana qarşı əməliyyatların miqyası artacaqdır. Vaşinqton indiki məqamda buna görə hər iki tərəfin nəbzini yoxlayır. Ümumiyyətlə, sülhə bir işarə, bir işıq ucunluğu varmı deyə yoxlayır”.

Turan Rzayev: Hələlik bu, sadəcə diplomatik tərzdir
Politoloq vurğulayıb ki, bu səfəri məhz bu prizmadan qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, tərəflər arasında gərginliyin hansı həddə olduğu, diplomatik kanalların açıq olub-olmadığı və Vaşinqtonun vasitəçiliyi ilə tərəflərin ən azından bir atəşkəs sazişinə gedib mövcud status-kvoda vəziyyəti qəbul etdirə biləcəyinin nəbzi yoxlanılır:
"ABŞ-nin "bal və balta" siyasəti var. İndiki məqamda hələlik diplomatik olaraq tərəfləri yoxlayırlar. İranın müdaxilə ehtimalları güclənərsə və hərbi əməliyyatlar miqyası artarsa, Amerika burda tərəfləri atəşkəsə razı salmaq üçün daha ciddi təzyiqlər edə bilər. Hələlik bu, sadəcə diplomatik tərzdir. Bu diplomatik addıma neqativ cavab gələrsə, yəqin ki, Vaşinqtonun reaksiyaları daha sərt olacaq”.
Zeynəb Rzayeva
















