• Bakı 27° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Bakı-Tehran münasibətləri: siyasi etimad praktik əməkdaşlıqla möhkəmlənir

SİYASƏT

11 Avqust 2026 | 17:16

Bakı-Tehran münasibətləri: siyasi etimad praktik əməkdaşlıqla möhkəmlənir

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla münasibətlər barədə son açıqlamaları Bakı-Tehran xəttində son dövrdə müşahidə olunan normallaşmanın artıq yalnız diplomatik ritorika ilə məhdudlaşmadığını göstərir.

İran liderinin müharibə dövründə Azərbaycanın Tehrana göstərdiyi dəstəyi konkret faktlarla açıqlaması xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan-İran münasibətləri əvvəlki illərdə zaman-zaman qarşılıqlı ittihamlar, təhlükəsizlik narahatlıqları və informasiya müstəvisində gərginliklə müşayiət olunub. İndi isə İranın ən yüksək siyasi səviyyəsindən Bakının böhran zamanı etibarlı qonşu kimi davrandığının etiraf edilməsi münasibətlərdə yeni siyasi atmosferin formalaşdığını göstərir.

Pezeşkianın açıqlamalarının mühüm tərəflərindən biri Azərbaycana qarşı zaman-zaman səsləndirilən ittihamların faktiki olaraq İran prezidentinin özü tərəfindən təkzib edilməsidir. Xüsusilə Azərbaycanın ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı müxtəlif dairələrin irəli sürdüyü iddialar fonunda Tehranın ən yüksək səviyyədə Bakının müharibə zamanı İrana yardım göstərdiyini bildirməsi tamamilə fərqli mənzərə yaradır. İran prezidentinin yolların, bankın və səfirliyin fəaliyyəti ilə bağlı problemlərin Azərbaycan rəhbərliyi ilə birbaşa təmasdan sonra operativ şəkildə həll edildiyini söyləməsi göstərir ki, böhran anında iki ölkə arasında siyasi kommunikasiya işlək vəziyyətdə olub. Bu, həm də Bakı ilə Tehran arasında problemlərin üçüncü tərəflərin müdaxiləsi olmadan birbaşa dialoq vasitəsilə həll edilə biləcəyinin göstəricisidir.

Digər mühüm məsələ Azərbaycanın regional tranzit və logistika imkanlarının İran üçün əhəmiyyətinin bir daha üzə çıxmasıdır. Pezeşkianın Rusiya istiqamətindən gələn tədarükləri xüsusi qeyd etməsi Azərbaycanın Şimal-Cənub bağlantısındakı strateji mövqeyini ön plana çıxarır. Azərbaycan yalnız İranla Rusiya arasında yerləşən coğrafi keçid məkanı deyil, eyni zamanda böhran şəraitində fəaliyyət göstərə bilən nəqliyyat və logistika infrastrukturu təqdim edən dövlətdir. Bu reallıq Bakı ilə münasibətlərin Tehran üçün təkcə siyasi deyil, iqtisadi və strateji əhəmiyyət daşıdığını göstərir. Buna görə də iki ölkə arasında nəqliyyat, tranzit, enerji və sərhədyanı əməkdaşlığın genişləndirilməsi qarşıdakı mərhələdə münasibətlərin əsas dayaqlarından birinə çevrilə bilər.

Prezident İlham Əliyevin Məsud Pezeşkianın fikirlərinə verdiyi cavab isə Bakının İrana münasibətdə seçdiyi siyasi xətti aydın şəkildə ifadə edir. Azərbaycan Prezidentinin “Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar” mesajı münasibətləri yalnız hökumətlərarası əməkdaşlıq çərçivəsində deyil, tarixi qonşuluq və xalqlar arasındakı bağlar kontekstində təqdim edir. Azərbaycanın böhran zamanı İran ərazisindən xarici vətəndaşların təxliyəsinə şərait yaratması, İran vətəndaşlarının ölkələrinə qayıdışına yardım göstərməsi və kommunikasiya imkanlarını açıq saxlaması Bakının regional böhranlara yanaşmasının praktik tərəfini də nümayiş etdirir. Burada əsas prinsip İranın daxilində və ya ətrafında baş verən proseslərdən siyasi dividend əldə etmək deyil, qonşu ölkədə sabitliyin Azərbaycanın öz təhlükəsizliyi üçün də vacib olduğu yanaşmasıdır.

İki prezident arasında qarşılıqlı müsbət mesajların başqa bir siyasi nəticəsi İran daxilində Azərbaycanla münasibətlərə dair müzakirələrə təsir göstərməsidir. İran siyasi sistemində Azərbaycanla əməkdaşlığa münasibətdə müxtəlif yanaşmaların mövcud olduğu məlumdur və zaman-zaman sərt ritorikanın ön plana çıxması ikitərəfli əlaqələrə əlavə gərginlik gətirib. Pezeşkianın mövqeyi isə münasibətlərin qarşıdurma deyil, praqmatik əməkdaşlıq üzərində qurulmasının Tehran üçün də faydalı olduğunu göstərir. Ən əsası, İran prezidentinin konkret faktlardan danışması anti-Azərbaycan ritorikasının təsir imkanlarını zəiflədir. Bakı üçün isə məqsəd İranın daxili siyasi mübahisələrinə qoşulmaq deyil, Tehranla dövlətlərarası münasibətləri qarşılıqlı hörmət, suverenlik və bir-birinin təhlükəsizlik maraqlarının nəzərə alınması əsasında davam etdirməkdir.

Bütövlükdə son qarşılıqlı mesajları Azərbaycan-İran münasibətlərində toplanmış “etimad kapitalının” artması kimi qiymətləndirmək mümkündür. Bunun davamlı siyasi nəticəyə çevrilməsi üçün mövcud pozitiv atmosfer konkret layihələr və institusional əməkdaşlıqla möhkəmləndirilməlidir. Şimal-Cənub nəqliyyat dəhlizi, Araz boyunca kommunikasiya layihələri, enerji əməkdaşlığı, sərhəd təhlükəsizliyi və iqtisadi əlaqələr bu baxımdan xüsusi perspektivə malikdir. Bakı və Tehran arasında fikir ayrılıqlarının tamamilə yox olacağını düşünmək realist olmazdı, lakin son hadisələr göstərdi ki, yüksək səviyyəli birbaşa dialoq həmin ziddiyyətlərin böhrana çevrilməsinin qarşısını ala bilər. Məhz buna görə Pezeşkian və İlham Əliyevin qarşılıqlı açıqlamaları sadəcə diplomatik nəzakət mübadiləsi deyil, Azərbaycan-İran münasibətlərinin daha praqmatik və proqnozlaşdırıla bilən mərhələyə keçməsi üçün mühüm siyasi siqnal hesab edilə bilər.

Züriyə Qarayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR