Avropa və Rusiya siyasətçiləri Ukraynada müharibənin başa çatdırılması ilə bağlı gizli danışıqlar keçirib. Bu barədə “Bloomberg“ agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, görüş iyul ayında Avstriyanın paytaxtı Vyanada baş tutub. Danışıqlarda Böyük Britaniya, Fransa, Almaniya və Rusiyanın sabiq yüksək vəzifəli rəsmiləri iştirak ediblər. Mənbələrin bildirdiyinə görə, tərəflər Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş mümkün sülh danışıqlarının şərtlərini müzakirə edib.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Əhməd Şahidov deyib ki, bu cür praktika hər zaman mövcud olub və xüsusən Rusiya-Ukrayna arasında müharibə uzandıqca hər iki tərəf tükənir və fərqli metodlar axtarmağa çalışırlar.
Onun spzlərinə görə, Ukrayna və Rusiya arasında rəsmi təmaslar bir neçə dəfə baş tutsa da, heç bir nəticə olmayıb:
“Belə təmaslar tərəflər arasındakı rəsmi görüşlərə ilkin hazırlıq məqsədi daşıyır. Bu cür qeyri-rəsmi görüşlərdə iştirak edən nümayəndələr tərəflərin rəsmi iradəsini ifadə edirlər. Sabiq diplomatlar olsalar da, onlar lazımlı yerlərə lazımlı mesajları çatdırmağı bacarırlar. Vyanada keçirilən qeyri-rəsmi görüşdə münaqişənin atəşkəsə doğru aparılması, ümumiyyətlə sülh danışıqları, sanksiyaların aradan qaldırılması, beynəlxalq zəmanətlər məsələsi müzakirə olunur. Ən azından Rusiya və Ukraynanı rəsmi səviyyədə görüşdürmək və ortaq məxrəcə gəlmək üçün bir-birinin qarşılıqlı mövqelərini öyrənməyə çalışırlar. Əslində çox faydalı təmaslardır. Adətən, bu cür görüşlərdə müəyyən razılıqlar əldə olunduqdan sonra rəsmi şəkildə Kiyevlə Moskva arasında bəzi təmaslar reallaşır. Növbəti mərhələdə daha ciddi razılaşma əldə olunandan sonra dövlət başçıları səviyyəsində beynəlxalq statusda razılaşma əldə oluna bilər”.

Əhməd Şahidov: Gizli görüşlərdə hər hansı razılaşmanın əldə olunacağı ehtimalı çox azdır
Analitik əlavə edib ki, bugünkü şərtlərdə Rusiya və Ukrayna arasında ən ağır döyüşlər gedir:
“Hər iki tərəfin müəyyən üstünlüyü var. Lakin Ukraynanın havadan müdafiə sistemləri artıq tükənmək üzrədir. Çünki bu gün Avropa liderləri Ukraynaya dəstək mesajları versələr də, Kiyevin əsas silah dəstəyi ABŞ-dən gəlir. ABŞ prezidenti Donald Tramp isə Ukraynaya yardım məsələsində istəkli görünmür. Bir növ istəyir ki, Kiyev məğlub durumda hansısa razılaşmaya imza atsın. Zelenskinin Vaşinqtona səfərində də ona bu cür təzyiqlər hələ də göstərilir. Zelenski isə heç bir halda buna getməyəcəyini açıqlayır”.
Siyası şərhçi hesab edir ki, əgər Vyanada müəyyən razılaşmalar əldə olunmazsa, müharibənin uzun müddət davam edəcəyi ehtimalı böyükdür.
“Ancaq gizli görüşlərdə hər hansı razılaşmanın əldə olunacağı ehtimalı da çox azdır”, - deyə Əhməd Şahidov qeyd edib.
Aydın Baxış
Bakı 



