• Bakı 28° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: strateji yaxınlaşmadan davamlı tərəfdaşlığa

SİYASƏT

11 Avqust 2026 | 10:12

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: strateji yaxınlaşmadan davamlı tərəfdaşlığa

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb. Məktubda Azərbaycan-ABŞ münasibətlərinin 34 illik diplomatik əlaqələr tarixində ən yüksək səviyyəyə çatdığının vurğulanması təsadüfi qiymətləndirmə deyil.

Son bir ildə baş verən proseslər göstərir ki, Bakı ilə Vaşinqton arasında münasibətlər əvvəlki dövrlərlə müqayisədə həm siyasi dialoqun səviyyəsi, həm də əməkdaşlığın əhatə dairəsi baxımından yeni mərhələyə daxil olub. 2025-ci il 8 avqust Vaşinqton Zirvə Görüşü təkcə Azərbaycan-Ermənistan sülh prosesi üçün deyil, Azərbaycan-ABŞ münasibətlərinin yenidən formatlaşdırılması baxımından da dönüş nöqtəsi oldu. Bu mərhələdən sonra Vaşinqtonun Azərbaycana münasibətində regional təhlükəsizlik, enerji və nəqliyyat məsələləri ilə yanaşı, Bakının Cənubi Qafqazdakı yeni geosiyasi çəkisinin daha aydın nəzərə alındığını görürük.

Bu baxımdan qarşıdakı əsas məsələ əldə edilmiş siyasi yaxınlaşmanın institusional xarakter almasıdır. ABŞ vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması münasibətlərin gələcək arxitekturası üçün mühüm baza yaradıb. İndi bu sənəddə müəyyənləşdirilən qarşılıqlı sərmayələr, ticarət, enerji, nəqliyyat və bağlantılar, süni intellekt və təhlükəsizlik kimi istiqamətlər üzrə konkret nəticələrin ortaya qoyulması vacibdir. Xüsusilə ABŞ biznesinin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna, rəqəmsal transformasiyaya, yaşıl enerjiyə və yeni texnologiyalara daha fəal cəlb edilməsi münasibətlərə uzunmüddətli iqtisadi dayaq qazandıra bilər. Çünki strateji münasibətlərin davamlılığı yalnız liderlər arasındakı yüksək səviyyəli siyasi dialoqdan deyil, dövlətləri bir-birinə bağlayan qarşılıqlı iqtisadi maraqların miqyasından da asılıdır.

İkinci mühüm istiqamət Azərbaycanın Şərq-Qərb nəqliyyat sistemində artan rolundan birgə istifadə edilməsidir. TRIPP layihəsi, Orta Dəhlizin inkişafı və bütövlükdə Cənubi Qafqaz kommunikasiyalarının açılması Azərbaycanı Xəzər hövzəsi, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında əsas bağlantı mərkəzlərindən birinə çevirir. Vaşinqton üçün bu marşrutların əhəmiyyəti yalnız iqtisadi deyil, həm də geosiyasidir. Mərkəzi Asiyanın dünya bazarlarına alternativ çıxış imkanlarının genişlənməsi və Avropa ilə Asiya arasında yeni logistika xətlərinin formalaşması ABŞ-nin regiondakı strateji maraqları ilə də uzlaşır. Buna görə qarşıdakı mərhələdə ABŞ-nin nəqliyyat infrastrukturu, logistika, rəqəmsal bağlantılar və investisiya layihələrində daha fəal iştirakı Azərbaycan-ABŞ tərəfdaşlığının ən perspektivli istiqamətlərindən biri ola bilər.

Münasibətlərin siyasi müstəvidə daha da möhkəmlənməsi üçün keçmişdən qalan problemlərin də mərhələli şəkildə aradan qaldırılması lazımdır. Prezident Trampın “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması müddətini uzatması Bakıda mühüm siyasi mesaj kimi qəbul edilir. Lakin Azərbaycan baxımından növbəti məntiqi mərhələ artıq bu məhdudiyyətin müvəqqəti dayandırılması deyil, onun yaratdığı ayrı-seçkilikçi siyasi yanaşmanın tamamilə aradan qaldırılmasıdır. Belə bir addım iki ölkə arasında münasibətlərin həqiqətən yeni strateji mərhələyə keçdiyini təsdiqləməklə yanaşı, qarşılıqlı etimadı da əhəmiyyətli dərəcədə gücləndirərdi. Paralel olaraq parlamentlərarası əlaqələrin, ekspert və akademik mübadilələrin, biznes dairələri və vətəndaş cəmiyyətləri arasındakı təmasların genişləndirilməsi münasibətlərin yalnız administrasiyalar səviyyəsində deyil, daha geniş institusional bazada inkişafına xidmət edə bilər.

Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi eyni zamanda Azərbaycan-Ermənistan sülh prosesinin taleyi ilə müəyyən dərəcədə bağlı olacaq. Vaşinqton Zirvə Görüşündən sonra yaranmış yeni şəraitdə sülhün artıq yalnız siyasi sənədlərdə deyil, iqtisadi münasibətlərdə də hiss olunmağa başlaması mühüm göstəricidir. Azərbaycanın öz ərazisindən Ermənistana yük daşımalarına tətbiq edilən məhdudiyyətləri aradan qaldırması, neft məhsullarının, eləcə də üçüncü ölkələrdən taxıl və digər məhsulların Azərbaycan üzərindən Ermənistana daşınması qarşılıqlı asılılıq və etimad üçün yeni zəmin yaradır. ABŞ bu prosesdə siyasi vasitəçiliklə kifayətlənməyərək regional iqtisadi inteqrasiyanı dəstəkləyən layihələrdə iştirak edə bilər. Əgər sülh nəqliyyat, ticarət və investisiya əlaqələri ilə möhkəmləndirilərsə, onun geri dönməz xarakter alması ehtimalı da əhəmiyyətli dərəcədə yüksələr.

Bununla belə, Bakı üçün ABŞ ilə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın ənənəvi çoxvektorlu xarici siyasətinin dəyişdirilməsi anlamına gəlməməlidir. Azərbaycanın üstünlüyü məhz müxtəlif güc mərkəzləri ilə milli maraqlara əsaslanan müstəqil münasibətlər qurmaq və heç bir geosiyasi blokun qarşıdurma alətinə çevrilməmək qabiliyyətindədir. ABŞ ilə strateji tərəfdaşlığın genişləndirilməsi də bu prinsip əsasında davam etdirildiyi halda Azərbaycan həm Qərblə əlaqələrini gücləndirə, həm Mərkəzi Asiya və Türk dünyasına açılan əsas geoiqtisadi körpü rolunu möhkəmləndirə, həm də Cənubi Qafqazın yeni siyasi-iqtisadi arxitekturasının formalaşmasında aparıcı mövqeyini qoruya bilər. Buna görə də qarşıdakı mərhələnin əsas hədəfi münasibətlərin hazırkı yüksək siyasi səviyyəsini konkret layihələr, qarşılıqlı investisiyalar və daimi institusional mexanizmlərlə möhkəmləndirmək olmalıdır. Bu baş verərsə, 34 ilin ən yüksək nöqtəsi münasibətlərin son zirvəsi deyil, daha geniş Azərbaycan-ABŞ strateji tərəfdaşlığının başlanğıcı kimi tarixə düşə bilər.

Züriyə Qarayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026