Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində 111 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə hakimiyyəti məlumat yayıb.
Son məlumatlara görə, ölkənin müxtəlif regionlarında yüzlərlə sakin xəsarət almış və itkin düşmüş hesab olunur.
Qeyd edək ki, hökumət dağıdıcı zəlzələ ilə əlaqədar ümummilli miqyasda fövqəladə vəziyyət rejimi elan edib. Müvafiq qərarı Kolumbiya Prezidenti Abelardo de la Esprielya qəbul edib.
***
21:20
Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində 74 nəfər həlak olub.
Bakvaxtı.az xəbər verir ki, Risaralda departamentində 40, Valye-del-Kaukada - 27, Kaldasda 3, Çokoda isə 4 nəfərin həlak olduğu bildirilir.
Axtarış-xilasetmə əməliyyatları davam etdiyi üçün həlak olanların sayı sürətlə artır.
Xatırladaq ki, 7,4 maqnitudalı zəlzələ bu gün yerli vaxtla səhər saat 7:34-də Kolumbiyanın qərbində baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Kolumbiyanın paytaxtı Boqotadan təxminən 280 km qərbdə yerləşib. Zəlzələ ölkə ərazisinin böyük hissəsində hiss olunub.
***
19:48
Zəlzələ nəticəsində Kolumbiyanın Pereyra şəhərində (Risaralda departamenti) azı 18 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Caracol" radiosu şəhərin meri Maurisio Salasara istinadən məlumat yayıb.
"Pereyra meri təsdiqləyib ki, hazırda zəlzələ nəticəsində 18 nəfər həlak olub", - nəşrdə qeyd olunub.
Daha əvvəl bildirilib ki, Kolumbiyanın Manisales şəhərində (Kaldas departamenti) 12 nəfər, Çoko departamentində isə bir nəfər ölüb. Hazırda ölənlərin ümumi sayı 31 nəfər təşkil edib.
***
17:49
Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ 115 kilometr dərinlikdə baş verib. Paytaxt Boqota və digər şəhərlərdə hiss olunub.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.
Bakı 



