Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (1 kişi, 2 qadın, 2 azyaşlı) 23.11.2026-cı il tarixində saat 13:40 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmət göstərilib. Müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
Kəllə-beyin travması diaqnozu təyin edilən 2022-ci il təvəllüdlü azyaşlının (kişi cinsli) vəziyyəti isə orta ağır qiymətləndirilir. 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Murad İsmayıl
***
14:09
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin idatrəetməni itirərək su kanalına düşdüyü və vətəndaşın vəfat edərək avtomobildə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən vəfat edən sürücü, 1961-cı il təvəllüdlü Hüseynov Şakir Şahmalı oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
12:48
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, rayon ərazisində hərəkətdə olan minik avtomobili körpüdən aşıb. Nəticədə bir nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. (APA)
















