Payız-qış aylarında mənzillərdə nəmlik və kif problemi sakinlərin ən çox şikayət etdiyi məsələlərdən birinə çevrilir. Problemi daha da ciddiləşdirən məqam odur ki, sakinlərin əksəriyyəti kiflə səthi mübarizə aparır. Divarın yenidən rənglənməsi, kif əleyhinə vasitələrlə silinməsi müvəqqəti effekt versə də, nəmlik mənbəyi aradan qaldırılmayıbsa, kif bir müddət sonra yenidən qayıdır. Bəzi hallarda isə o, divarın arxa hissəsində, mebelin arxasında və gözə görünməyən yerlərdə yayılmağa davam edir.
Maraqlıdır ki, mənzillərdə kif problemi niyə bu qədər geniş yayılıb? Problemin qarşısını almaq üçün hansı amillərə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan Bakıvaxtı.az-a danışıb.
O bildirib ki, Abşeron yarımadasında payız-qış aylarında mənzillərdə nəmlik və kif problemi ciddi şəkildə özünü göstərir. Bunun səbəbi isə yalnız iqlim deyil:
"Zəif istilik izolyasiyası, istilik körpüləri, hidroizolyasiya qüsurları və düzgün işləməyən havalandırma sistemi mənzildə kondensasiya və davamlı nəmlik yarada bilər. Problem ondadır ki, insanlar yeni təmir etdikləri mənzildə divarı yenidən rəngləməklə kifdən qurtulduqlarını düşünürlər. Halbuki nəmlik mənbəyi aradan qaldırılmayıbsa, kif yenidən yaranacaq”.

Ekspert: "Kifə yalnız təmir problemi kimi baxmaq olmaz".
Kifin insan sağlamlığına təsirlərinə toxunan M. Ərturan qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı rütubətli və kifli binalarda yaşayan insanlarda tənəffüs simptomlarının, respirator infeksiyaların, allergiyaların və astma tutmalarının artdığını bildirir.
"Uzunmüddətli təsir bəzi insanlarda xroniki tənəffüs problemlərini ağırlaşdıra bilər. Xüsusilə uşaqlar, yaşlı insanlar, astması, allergiyası və xroniki ağciyər xəstəliyi olan şəxslər daha həssas qrup hesab edilməlidir. Ağır astma tutmaları və respirator infeksiyalar belə insanlarda hospitalizasiya tələb edən, bəzi hallarda isə həyati təhlükə yarada bilən vəziyyətə qədər inkişaf edə bilər. Ona görə kifə yalnız təmir problemi kimi baxmaq olmaz. Mənzildə rütubət yaranırsa, istilik izolyasiyası, havalandırma, fasad, hidroizolyasiya və mümkün su sızmaları texniki şəkildə yoxlanmalıdır”, - deyə müsahibimiz bildirib.

Muxtar Ərturan “VR Standartları 2026” yanaşmasında da sağlam yaşayış mühitinin yalnız temperatur və gözəl interyerlə ölçülmədiyini bildirib. Onun sözlərinə görə, havanın keyfiyyəti, rütubət, ventilyasiya və insan sağlamlığı vahid sistem kimi qiymətləndirilməlidir:
"Yeni mənzilin bir qışdan sonra kiflənməsi normal deyil. Kif divarda görünür, amma təhlükə artıq insanın nəfəs aldığı havadadır".
Gülşən Şərif
















