• Bakı 27° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Rusiya bazarının qapıları Ermənistanın üzünə bağlanır?

SİYASƏT

11 Avqust 2026 | 17:34

Rusiya bazarının qapıları Ermənistanın üzünə bağlanır?

Son dövrlərdə Ermənistan-Rusiya münasibətlərində müşahidə edilən siyasi gərginlik tədricən iqtisadi və ticarət münasibətlərinə də sirayət edir. Rusiya tərəfindən Ermənistan istehsalı olan bir sıra məhsulların ölkəyə buraxılmasına məhdudiyyətlərin tətbiq edilməsi İrəvanda bunun yalnız sanitar və fitosanitar tələblərlə bağlı olub-olmaması barədə müzakirələr yaradıb.

Məhdudiyyətlərin balıq və balıq məhsulları ilə yanaşı müxtəlif kənd təsərrüfatı məhsulları, mineral su, bəzi içkilər və digər məhsulları əhatə etməsi məsələnin Ermənistan iqtisadiyyatı üçün əhəmiyyətini artırır. Ermənistan Mərkəzi Bankı da Rusiyaya ixracın ciddi şəkildə azalmasının ölkə iqtisadiyyatının ÜDM-in təxminən 1,5–2 faizinə bərabər hissəsini risk altında qoya biləcəyini açıqlayıb.

Məsələ Ermənistan daxilində siyasi polemikanın da predmetinə çevrilib. Müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçaturyan Baş nazir Nikol Paşinyanın Ermənistan balığının keyfiyyəti ilə bağlı açıqlamalarının yaranmış vəziyyəti daha da çətinləşdirə biləcəyini bildirib. Xaçaturyanın fikrincə, belə bəyanatlar yalnız Rusiya bazarında deyil, Ermənistan məhsullarının digər xarici bazarlardakı reputasiyasına da mənfi təsir göstərə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva  hesab edir ki, baş verənlərə yalnız ticarət və məhsulların keyfiyyəti məsələsi kimi yanaşmaq Ermənistan-Rusiya münasibətlərində son illərdə formalaşmış ümumi mənzərəni nəzərə almamaq olardı. Onun sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik, xarici siyasət və geosiyasi orientasiya ilə bağlı ciddi fikir ayrılıqları artıq mövcuddur və indi bunun iqtisadi münasibətlərdə də əksini görürük:

“Moskva rəsmi olaraq məhdudiyyətləri sanitar, baytarlıq və fitosanitar normalarla əsaslandıra bilər, lakin siyasi münasibətlərin hazırkı səviyyəsi fonunda İrəvanda məsələnin siyasi motivləri barədə şübhələrin yaranması təbiidir. Rusiya iqtisadi alətlərdən istifadə etməklə Ermənistanın Moskva ilə münasibətlərin pisləşməsinin müəyyən iqtisadi nəticələrinin ola biləcəyini göstərmək imkanına malikdir”.

Politoloq bildirib ki, digər tərəfdən, hər bir məhdudiyyəti avtomatik olaraq siyasi cəza kimi təqdim etmək də doğru olmazdı, çünki məhsulların standartlara uyğunluğu ilə bağlı konkret texniki məsələlər ayrıca araşdırılmalıdır. Buna baxmayaraq, siyasi və iqtisadi gərginliyin paralel şəkildə inkişaf etməsi Ermənistan-Rusiya münasibətlərinin əvvəlki strateji tərəfdaşlıq modelindən xeyli uzaqlaşdığını göstərir.

“Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər Ermənistan iqtisadiyyatı üçün nə dərəcədə ciddi problem yarada bilər” sualını cavablandıan müsahibimiz bildirib ki,burada əsas məsələ Ermənistan iqtisadiyyatının Rusiya bazarı ilə əlaqələrinin miqyasıdır və bu asılılığı qısa müddətdə aradan qaldırmaq mümkün deyil. 2025-ci ildə Ermənistanın Rusiyaya ixracı təxminən 3 milyard dollar təşkil edib və Rusiya Ermənistanın ən böyük ixrac bazarı olaraq qalıb (Hetq.am). Buna görə kənd təsərrüfatı və ərzaq məhsullarının Rusiya bazarına çıxışının məhdudlaşdırılması xüsusilə həmin sektorlarda çalışan istehsalçılara ciddi təsir göstərə bilər. Ermənistan Mərkəzi Bankının rəhbərliyinin hesablamalarına görə, Rusiyaya ixracın azalması və ya dayanması ÜDM-in təxminən 1,5–2 faizinə bərabər iqtisadi fəaliyyət hissəsini risk altında qoya bilər (arka.am). Alternativ bazarlar tapmaq mümkündür, lakin yeni bazarlara daxil olmaq logistika, sertifikatlaşdırma, qiymət və rəqabət qabiliyyəti baxımından vaxt tələb edir:

“Buna görə İrəvan siyasi baxımdan Rusiyadan məsafələnmək siyasəti həyata keçirsə belə, iqtisadi baxımdan bu prosesin daha mürəkkəb və daha uzunmüddətli olacağını nəzərə almalıdır”.

Paşinyanın Ermənistan balığının keyfiyyəti ilə bağlı açıqlamasının vəziyyətə gösətərəcəyi təsirə gəlincə, həmsöhbətimizin dediyinə görə, Baş nazir səviyyəsində yerli məhsulun keyfiyyəti haqqında mənfi fikir səsləndirilməsi, xüsusilə həmin məhsul xarici bazarda məhdudiyyətlə üzləşdiyi bir vaxtda, kommunikasiya baxımından kifayət qədər riskli addımdır. Müxalifət də məhz bu məqamdan istifadə edərək Paşinyanın mövqeyinin Ermənistan istehsalçılarının maraqlarına zidd olduğunu göstərməyə çalışır:

“Xarici bazarlarda məhsulun reputasiyası yalnız onun real keyfiyyəti ilə deyil, istehsalçı ölkənin dövlət qurumlarının həmin məhsula münasibəti ilə də müəyyən dərəcədə formalaşır. Əgər hökumət rəhbəri özü keyfiyyətlə bağlı problem olduğunu bildirirsə, potensial idxalçı ölkələr və şirkətlər əlavə yoxlamalar və təminatlar tələb edə bilərlər”.

Züriyə Qarayeva: Hər bir məhdudiyyəti avtomatik olaraq siyasi cəza kimi təqdim etmək də doğru olmazdı

Onun sözlərinə görə, digər tərəfdən, həqiqətən keyfiyyət problemi mövcuddursa, onu gizlətmək deyil, standartların yüksəldilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi daha doğru yanaşma olardı. Buna görə Ermənistan hökuməti həm daxili istehsalçıların reputasiyasını qorumaq, həm də Rusiya tərəfinin iradlarına texniki və hüquqi əsaslarla cavab vermək arasında daha balanslı kommunikasiya siyasəti aparmalıdır.

Müsahibimiz Ermənistan-Rusiya münasibətlərində gərginliyin yaxın perspektivdə tam aradan qalxacağını düşünmür, çünki tərəflər arasındakı problemlər artıq ayrı-ayrı bəyanatlardan deyil, geosiyasi kurs fərqlərindən qaynaqlanır. Ermənistan Qərblə münasibətlərini genişləndirməyə, Avropa İttifaqı və ABŞ ilə siyasi-iqtisadi əməkdaşlığı dərinləşdirməyə çalışdıqca Moskva İrəvanın siyasətinə daha həssas yanaşacaq:

“Bununla yanaşı, Rusiya Ermənistan üçün mühüm ticarət bazarı olaraq qalır və 2026-cı ilin ilk aylarının göstəricilərində də iki ölkə arasındakı iqtisadi əlaqələrin böyük çəkisi görünür. İrəvanın alternativ bazarlara çıxışı genişləndirməsi mümkündür, lakin coğrafiya, logistika və Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü Rusiyadan sürətli iqtisadi ayrılmanı çətinləşdirir. Ermənistanın Azərbaycanla sülh prosesinin irəliləməsi və regional nəqliyyat kommunikasiyalarının açılması isə uzunmüddətli perspektivdə İrəvanın iqtisadi alternativlərini artıra və onun ənənəvi marşrutlardan asılılığını müəyyən qədər azalda bilər”.

“Buna görə hazırkı proses təkcə Ermənistan-Rusiya münasibətlərində növbəti böhran deyil, eyni zamanda Ermənistanın postsovet iqtisadi məkanındakı ənənəvi modeldən daha şaxələndirilmiş regional və xarici iqtisadi modelə keçib-keçə bilməyəcəyinin ciddi sınağıdır”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR