Zəngəzur Dəhlizinin icrası davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Urbisiddən Dirçəlişə: Azərbaycanın Azad Olunmuş Ərazilərində Dayanıqlı Yenidənqurma, Yenidən Məskunlaşma və İnkişaf” adlı tədbirdə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi regionda dairəvi dəmir yolu şəbəkəsinin formalaşmasına imkan yaradacaq və Azərbaycanın yükdaşıma potensialını təxminən 50 milyon ton artıracaq.
Vahid Hacıyev qeyd edib ki, avtomobil yolunun bir hissəsinin tikintisi artıq yekunlaşmaq üzrədir. Eyni zamanda, dəmir yolu xəttinin inşası da sona yaxınlaşır.
Bundan əlavə, Araz çayı üzərində Zəngilanı İranla birləşdirən avtomobil körpüsü də regional nəqliyyat və logistika inteqrasiyasının mühüm elementinə çevrilir.
Vahid Hacıyev illərlə həmin ərazilərdə yaşamış məcburi köçkünlərlə tikinti və planlaşdırma mərhələsində görüşdüklərini, onların fikirlərini öyrəndiklərini də vurğulayıb: “Ağalı kəndində müəyyən çatışmazlıqlar və təkmilləşdirilməsi lazım olan məsələlər ortaya çıxdı. Biz həmin təcrübədən nəticə çıxardıq və növbəti kəndlərdə bu məqamları nəzərə alaraq daha yaxşı həllər tətbiq etdik. Bu gün də Soltanlı və digər yaşayış məntəqələrində məhz bu yanaşma ilə — sakinlərlə koordinasiyalı şəkildə, onların ehtiyac və təkliflərini nəzərə alaraq işləyirik”.
Bakı 




