Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən BMT Baş katibinin müavini Əminə Muhəmməd Azərbaycanın foruma ev sahibliyini yüksək qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, o, Azərbaycan hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, ölkənin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsini şəhərsalma sahəsində mühüm addım kimi dəyərləndirib. Amina Məhəmməd bildirib ki, Azərbaycanda yenidənqurma, infrastrukturun bərpası və icmaların reinteqrasiyası istiqamətində görülən işlər diqqət çəkir.
BMT rəsmisi Bakının forum üçün ən uyğun məkanlardan biri olduğunu vurğulayaraq qeyd edib ki, iqlim dəyişikliyi, urbanizasiya və təbii fəlakətlər şəhərlərin dayanıqlığını daha da vacib edir. Son günlər Azərbaycanda müşahidə olunan güclü yağış və tufanların bu reallığın göstəricisi olduğunu deyib.
Çıxışında qlobal mənzil böhranına da toxunan Amina Məhəmməd vurğulayıb ki, sürətli urbanizasiya, münaqişələr, sosial bərabərsizlik və iqlim dəyişiklikləri mənzil təminatı problemini daha da dərinləşdirir. Onun sözlərinə görə, dayanıqlı urbanizasiya və əlçatan mənzil təminatı olmadan 2030 Dayanıqlı İnkişaf Gündəliyinə nail olmaq mümkün deyil.
Əminə Muhəmməd əlavə edib ki, mənzil təminatı təkcə yaşayış məsələsi deyil, həm də sağlamlıq, təhsil, gender bərabərliyi, sosial inklüzivlik və iqlimə davamlı inkişafın əsas elementlərindən biridir.
Zeynəb Rzayeva
Bakı 




