“Bakıda keçirilən WUF13 şəhər inkişafında inklüzivlik, əməkdaşlıq və dayanıqlı həllər üzrə qlobal dialoqu gücləndirdi”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13-ün rəsmi bağlanış mətbuat konfransında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev səsləndirib.
O bildirib ki, “House of Visitors” pavilyonu şəhər transformasiyası, irs, dayanıqlı planlaşdırma, ağıllı şəhərlər, mənzil təminatı, turizm və azad olunmuş ərazilərdə bərpa proseslərini əhatə edən 30-a yaxın tədbirə ev sahibliyi edib və təxminən 1500 yerli və beynəlxalq iştirakçını bir araya gətirib.
Anar Quliyev qeyd edib ki, WUF13 stakeholder-led formatda təşkil olunaraq bütün tərəflərin bərabər şəkildə qlobal şəhər gündəliyinin formalaşmasına töhfə verdiyi inklüziv platforma kimi çıxış edib:
“NGO forum çərçivəsində qəbul edilən Bakı Bəyannaməsi 82 ölkədən 441 vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən imzalanaraq şəhər dayanıqlığı və qlobal əməkdaşlıq sahəsində mühüm sənədə çevrilib”.
Bildirilib ki, forum çərçivəsində 100-dən çox ölkədən nümayəndələrin iştirakı ilə keçirilən tədbirlər, eləcə də “Baku Open Week” və WUF13 festivalı vasitəsilə 150 mindən çox insan dayanıqlı şəhər inkişafı müzakirələrinə cəlb olunub.
Çıxışda vurğulanıb ki, WUF13 gənclərin fəal iştirakı, media əhatəsi və çoxsaylı paralel tədbirlərlə qlobal şəhər gündəliyinə geniş təsir göstərib.
Anar Quliyev əlavə edib ki, forum çərçivəsində irəli sürülən təşəbbüslər, o cümlədən “Bakı çağırışı” və yeni şəhərsalma yanaşmaları gələcək qlobal urban inkişaf proseslərinə istiqamət verəcək.
Zeynəb Rzayeva
Bakı 




