Argentinada 24 yaşlı Kamila Belen İqlesiasın qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi Pablo Ezekiel Qomez həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, İqlesias oktyabrın 2-də itkin düşüb.
Bir neçə gün sonra ailəsi onun itkin düşməsi barədə polisə məlumat verib. Oktyabrın 16-da hüquq-mühafizə orqanlarının əməkdaşları qadının sevgilisi ilə birlikdə yaşadığı evə baxış keçiriblər. Onlar İqlesiasın qalıqlarını soyuducuda aşkar ediblər. Qalıqlar parçalanma prosesini ləngidən və qoxunun yayılmasını azaldan hidratlı əhənglə örtülmüşdü.
Hadisə ilə bağlı Qomez əsas şübhəli şəxsə çevrilib. İqlesiasın bacısının sözlərinə görə, kişi qalıqların tapılmasından bir neçə gün əvvəl ona məktub yazaraq oktyabrın 5-də sevgilisi ilə mübahisə etdiyini bildirib. O, qadının evi tərk etdiyini və mesajlarına cavab vermədiyini iddia edib.
Lakin Qomezin qohumları onun qaçdığını bildiriblər. Onların sözlərinə görə, kişi baş verənlərə görə peşman olduğunu ifadə edərək, İqlesiasın qalıqlarını harada gizlətdiyini də etiraf edib.
Murad İsmayıl
















