• Bakı 16° C

    1.95 m/s

ABŞ-da uçan naməlum obyekt GÖRÜNDÜ

DÜNYA

24 Oktyabr 2026 | 01:03 | Müəllif: Subhan Mahmudov

ABŞ-da uçan naməlum obyekt GÖRÜNDÜ

ABŞ-da hüquq-mühafizə orqanlarının əməkdaşları 2026-cı ildə qırıcı təyyarə sürəti ilə hərəkət etdiyi bildirilən naməlum uçan obyekt müşahidə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin məxfilikdən çıxararaq ictimaiyyətə açıqladığı sənədlərdə bildirilib.

Hesabatlardan birində federal hüquq-mühafizə orqanlarının əməkdaşlarının tutqun qara rəngli, üçbucaq formasında obyekt gördükləri qeyd olunub.

Şahidlərin ifadələrinə görə, obyekt təxminən 10 saniyə ərzində şaquli istiqamətdə yüksəlib. Daha sonra dağ silsiləsinin üzərində, yerdən 60–90 metr hündürlükdə təxminən 20 saniyə hərəkətsiz qalıb. Ardınca qəfil sürətlənərək ərazidən uzaqlaşıb.

Müşahidəçilər obyektin qırıcı təyyarəyə xas sürətlə hərəkət etdiyini, lakin heç bir səs çıxarmadığını bildiriblər.

Sənədlərdə obyektin ölçüləri də təsvir olunub. Belə ki, onun qanad açıqlığının 4–4,5 metr, uzunluğunun 1,8–2,7 metr, qalınlığının isə təxminən 50 santimetr olduğu göstərilib.

Pentaqon ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) həmin obyektlə bağlı oxşar məlumatları əks etdirən hesabatını da yayımlayıb. Sənəddə obyektin istilik şüalanmasının qeydə alındığı bildirilib. Bununla belə, müşahidənin baş verdiyi dəqiq yer və tarix açıqlanmayıb.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, bu, naməlum uçan obyektlərlə bağlı məxfilikdən çıxarılaraq ictimaiyyətə təqdim olunan yeddinci sənəd paketidir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevral ayında hökumətin ehtimal edilən yerdənkənar həyat formaları və naməlum uçan obyektlərlə bağlı sənədləri açıqlayacağını vəd edib. İlk sənədlər paketi isə mayın 8-də yayımlanıb.

Qeyd edək ki, açıqlanan hesabatlarda obyektin mənşəyi müəyyən edilməyib və onun yerdənkənar mənşəli olduğuna dair təsdiq təqdim olunmayıb./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026