TikTok-da açdığı canlı yayımlarda mafiya lideri Sedat Peker və ailəsinin ünvanına təhqiramiz ifadələr işlədən M.A.S. Muğlanın Dalaman rayonunda silahlı hücuma məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, yaralı halda xəstəxanaya çatdırılan M.A.S.-ın vəziyyəti barədə hələlik ətraflı məlumat verilmir.
Hadisədən sonra Sedat Pekerin sosial şəbəkədəki hücum xəbərini retweet etməsi diqqət çəkib.
Hadisə oktyabrın 5-i axşam saatlarında Muğlanın Dalaman rayonunda baş verib. M.A.S.-a şəxsiyyəti hələlik müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən atəş açılıb.
M.A.S. bir müddətdir TikTok sosial platformasında etdiyi canlı yayımlarda Sedat Peker və ailəsinə təhqirlər yağdırması ilə diqqət mərkəzində idi. Lakin hücumun məhz həmin yayımlarla bağlı olub-olmaması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Hadisədən dərhal sonra Sedat Pekerin "X" hesabındakı fəaliyyəti diqqəti cəlb edib. O, M.A.S.-ın Dalamanda silahlı hücuma məruz qalması ilə bağlı yayımlanan xəbərlərdən birini öz hesabında retweet edib.
Hazırda hücumu həyata keçirən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
















