Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2025-ci ildə dərman vasitələri ilə aparılan abortların sayı 1 049 təşkil edib. Bu, əvvəlki illə müqayisədə 57%-dən çox artım deməkdir. Ölkədə ümumilikdə 95 344 abort qeydə alınıb. Qeydə alınan 95 117 abortun ən çoxu 30-34 yaş qrupundakı qadınlar tərəfindən edilib.
Bəs hamiləliyin dərmanlarla pozulması halları hansı risklərə yol aça bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ölkədə əhali artımına və əhalinin dinamikasına, yəni doğum, ölüm göstəricisi, xəstələnmə göstəricilərinə nəzarət çox ciddi bir məsələdir. Bu, səhiyyə təşkil işində də əsas xətti təşkil edir:
"Ümumiyyətlə, hamiləliyin özbaşına dərmanlarla pozulması məqsədəuyğun deyil. Çünki həmin şəxslər özləri də bilmədən gələcəkdə müəyyən fəsadlarla üzləşə bilərlər. Məsələn, dölün xaric edilməsi zamanı dərmanın təsiri ilə ciftin bir hissəsinin orada qalması və ya qanaxmalar mümkün ola bilər. Bundan əlavə, ana orqanizmini təhlükəyə atan başqa fəsadlar ortaya çıxa bilər. Ona görə də qeyd olunan proses həkim nəzarətində olmalıdır. Təbii ki, müxtəlif ölkələrdə abortlara tətbiq olunan müəyyən qadağa və nəzarət mexanizmləri səbəbindən bəzi hallarda insanlar özbaşına və ya qeyri-tibb vasitələrlə hamiləliyi sonlandırmağa cəhd edirlər. Lakin nəzərə almaq lazımdır ki, bu, birbaşa insan həyatı və sağlamlığı ilə bağlı olan kritik bir məsələdir".

Tibb elmləri doktoru, professor Adil Qeybulla
Profressor qeyd edib ki, həkim nəzarəti olmadan edilən müdaxilələr qadının gələcəkdə ana olmaq şansını həmişəlik itirməsinə (dölsüzlüyə) gətirib çıxara bilər. Bu baxımdan istənilən halda bütün tibbi prosedurlar mütləq peşəkar həkim nəzarəti altında həyata keçirilməlidir.
Psixoloq İlahə Dadaşova isə Bakıvaxtı.az-a açıqlamasında dərman vasitələri ilə hamiləliyin pozulması hallarının cəmiyyətə psixoloji təsirlərinə toxunub.
Onun sözlərinə görə, ilbəil abortların sayında artım müşahidə olunur və xüsusilə 30–34 yaşarası qadınlarda bu göstəricinin yüksəlməsi müxtəlif səbəblərlə bağlıdır:
"Bura 30 yaşdan sonra ana olmaq istəməmək, analığın gətirdiyi psixoloji məsuliyyət və öhdəliklərin öhdəsindən gələ bilməmək qorxusu, eləcə də maddi və sosial vəziyyət kimi amillər daxildir. Hər bir halda abort prosesi insan psixologiyasına mənfi təsir göstərir. Daxilindəki bir parçanı və canlı hissəciyi məhv etmək şüuraltı səviyyədə və emosional durumda ciddi izlər buraxır. Hətta qadın bu qərarı məntiqi şəkildə qəbul etdiyini düşünsə də, sonradan mənfi emosiyalar, kədər və emosional enişlərlə üzləşir. Həm dini, həm psixoloji, həm də sosial baxımdan abortun mənfi bir addım olduğu bilinsə də, insanlar bunu əsaslandırmaq üçün "maddi imkanım yoxdur" və ya "yaxşı baxa bilməyəcəyəm" kimi müdafiə mexanizmlərinə sığınırlar. Lakin bu məntiqi bəhanələr emosional rahatlıq gətirmir və yaranan psixoloji gərginlik bəzən səhvən fiziki abort ağrıları ilə əlaqələndirilir".

Psixoloq İlahə Dadaşova
İ. Dadaşovanın fikrincə, əvvəllər cəmiyyətdə abort adi bir tibbi proses kimi qarşılanmırdı. Lakin hazırda istər həkimlər, istərsə də qadınlar arasında bu prosedur normallaşıb və adi hala çevrilib. Halbuki abort qadın orqanizmi üçün tibbi cəhətdən ziyandır.
"Abortu adi hal kimi qəbul etməkdənsə, müasir tibbi qorunma üsullarını vərdişə çevirmək lazımdır. Bu, həm psixoloji sağlamlığı qorumaq, həm də ailə mühiti və qadınların ümumi rifahı üçün ən ideal yoldur", - deyə müsahibimiz əlavə edib.
Gülşən Şərif
















