• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

“Məkkə Sazişi”nin pərdəarxası: Bu dəfə HƏRBİ DƏSTƏK! 

SİYASƏT

06 Oktyabr 2026 | 13:00 | Müəllif: Zeynəb Rzayeva

“Məkkə Sazişi”nin pərdəarxası: Bu dəfə HƏRBİ DƏSTƏK!

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının "Məkkə Sazişi" çərçivəsində bir-birinə hərbi dəstək vermək barədə əldə etdiyi razılıq həm regionda, həm də qlobal miqyasda böyük rezonans doğurub.

Tərəflərin qarşılıqlı müdafiə öhdəliklərini ehtiva edən bu tarixi addımın regiondakı güc balansına təsirlərini və rəsmi Bakı üçün strateji əhəmiyyətini Bakıvaxtı.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, "Məkkə Sazişi" hazırda müsəlman ölkələrinin yaratdığı en önəmli hərbi-siyasi alyansdır:

Elçin Xalidbəyli: Dünyada bu alyansın yaradılmasından narahatlıq keçirən qüvvələrin olduğu artıq müşahidə olunur

"Bu hərbi-siyasi alyans yalnız Yaxın Şərq regionunda deyil, ümumiyyətlə qlobal məkanda da güc balansına kifayət qədər ciddi təsirlər göstərir. Üç önəmli, həm də güclü müsəlman ölkəsinin ortaq müdafiə maraqları çərçivəsində birləşməsi istənilən halda qüvvələr nisbətinin dəyişmə prosesini nisbətən intensivləşdirir. Türkiyə olduqca güclü hərbi sənaye kompleksinə malikdir. Pakistan nüvə dövləti olan müsəlman ölkəsidir. Səudiyyə Ərəbistanı da geniş maliyyə imkanlarına sahib önəmli bir müsəlman dövlətidir. Bu üç potensialın eyni mərkəzdə birləşməsi yaxın gələcək üçün tamamilə fərqli hərbi-siyasi proseslər vəd eləyir".

Ekspert qeyd edib ki, yaradılan bu blok artıq "Müsəlman NATO-su" kimi xarakterizə olunur:

"Dünyada bu alyansın yaradılmasından narahatlıq keçirən qüvvələrin olduğu artıq müşahidə olunur. "Məkkə Sazişi" hətta NATO ilə müqayisə olunur və 'Müsəlman NATO-su' kimi də xarakterizə edilir. Bu üç dövlətin bir-birinə hücum halında dəstək vermək öhdəliyini üzərinə götürməsi onların daha toxunulmaz olma ehtimalını artırmış olacaq".

Məsələnin Azərbaycan üçün əhəmiyyətinə toxunan E.Xalidbəyli vurğulayıb ki, yeni alyans Bakının maraqlarına tam cavab verir:

"Azərbaycan üçün də bu sazişin olduqca böyük əhəmiyyəti var, çünki sazişin təmsilçilərinin hər biri Azərbaycanla yaxın münasibətlərə malikdir. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, Pakistan və Səudiyyə Ərəbistanı da strateji tərəfdaşlarımız sırasındadır. Bu da onu göstərir ki, "Məkkə Sazişi" Azərbaycanın maraqlarına cavab verən hərbi-siyasi alyansdır. Bəzi məlumatlara görə, sazişə qoşulmaq istəyən başqa dövlətlər də var. Əgər sazişin tərkibi genişlənərsə, bu, Azərbaycan üçün də olduqca önəmli bir alternativ hərbi-siyasi platforma rolunu oynaya bilər. Rəsmi Bakının bu sazişə konkret münasibəti isə yəqin ki, yakın vaxtlarda daha aydın şəkildə ortaya çıxacaq".  

Qeyd edək ki, oktaybrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Ortaq Müdafiə üçün Məkkə Sazişi” çərçivəsində Strateji Siyasi və Müdafiə Komitəsinin iclası baş tutub. “Məkkə Sazişi”nə qoşulan Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə və Pakistan birgə müdafiə öhdəliklərinin icrasına başlamaq və hərbi qüvvələri Krallığın ərazisində yerləşdirmək barədə razılığa gəliblər. Tərəflər birgə müdafiə mexanizmlərinin praktiki şəkildə tətbiqinə dərhal başlanılması barədə qərar qəbul ediblər. 

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR