Anemiya qanda hemoqlobin səviyyəsinin aşağı düşməsi və qırmızı qan hüceyrələrinin azalması ilə xarakterizə olunur. Bu zaman orqanizmdə toxumaların oksigenlə təminatı zəifləyir.
Bakıvaxtı.az xəbər verir ki, bir çox insan anemiyadan əziyyət çəkdiyini bilməyə bilər.
Rusiyalı həkim Aleksey Vodovozovun sözlərinə görə, anemiyanın ən geniş yayılmış səbəblərindən biri dəmir çatışmazlığıdır. Bu vəziyyət qidada dəmirin kifayət qədər olmaması, müntəzəm qan itkisi və ya dəmirin orqanizm tərəfindən mənimsənilməsində yaranan problemlərlə əlaqəli ola bilər.
Mütəxəssis qeyd edib ki, dəmir çatışmazlığı anemiyasının diqqətçəkən əlamətlərindən biri torpaq, təbaşir və digər yeyilməz maddələrə qarşı qeyri-adi istəkdir. Bu hal tibbdə pika adlanır.
Anemiya yalnız dəmir çatışmazlığı ilə bağlı olmur. B12 və B9 vitaminlərinin çatışmazlığı da vitamin çatışmazlığı anemiyasına səbəb ola bilər. Həkimin sözlərinə görə, bəzi hallarda bir neçə çatışmazlıq eyni vaxtda müşahidə edilir.
Anemiyanın digər əlamətləri arasında davamlı yorğunluq, zəiflik, fiziki dözümlülüyün azalması, başgicəllənmə və dərinin solğunlaşması yer alır. Lakin simptomlar xəstəliyin səbəbindən və insanın ümumi vəziyyətindən asılı olaraq dəyişə bilər.
Dəmir çatışmazlığının müalicəsində isə səbəbin müəyyənləşdirilməsi vacibdir. Bəzi hallarda həkim nəzarəti altında dəmir preparatları, o cümlədən venadaxili dəmir müalicəsi tətbiq olunur.
Murad İsmayıl
















